Bill Qeytsdən xəbərdarlıq: Süni intellekt kiberhücumları gücləndirə bilər
“Microsoft” şirkətinin həmtəsisçisi Bill Qeyts qarşıdakı bir ildə süni intellektdən istifadə etməklə həyata keçirilən kiberhücumların kəskin artacağını proqnozlaşdırıb.
ENA.az xəbər verir ki, Qeyts “ABC News”a müsahibəsində süni intellektlə bağlı yaxın dövrün əsas təhlükəsinin texnologiyanın insan nəzarətindən çıxması deyil, ondan zərərli məqsədlərlə istifadə edilməsi olduğunu bildirib.
Onun fikrincə, müasir süni intellekt modellərinin təhlükəsizlik məhdudiyyətləri olmadan istifadəsi cinayətkarların imkanlarını genişləndirə, maliyyə sistemlərinə hücumları və şirkətlərə qarşı rəqəmsal təhdidləri artıra bilər. Qeyts bu sahədə daha sərt təhlükəsizlik tədbirlərinin görülməsinin vacibliyini vurğulayıb.
Son dövrlərdə süni intellektin kiberhücumlarda tətbiqi ilə bağlı narahatlıqlar artıb. Mütəxəssislər yaxın aylarda bank xidmətləri və digər mühüm infrastruktura qarşı genişmiqyaslı hücumların mümkünlüyünü müzakirə edirlər. Bununla belə, belə hadisələrin qaçılmaz olduğu bildirilmir.


















