OpenAI-nin süni intellekti 350-dən çox riyazi məsələni həll edib. Riyaziyyatçılar peşələrini yenidən düşünməli olacaqlar
Aparıcı riyaziyyatçılar illərlə üzərində işlədikləri problemlərin süni intellekt tərəfindən həll olunduğunu görürlər. Bəziləri bunu elmdə yeni dövrün başlanğıcı hesab edir, digərləri isə insanın elmi kəşf prosesindəki rolunun zəifləməsindən narahatdır.
ChatGPT-nin yaradıcısı OpenAI oktyabrın 6-da GitHub platformasında riyaziyyatın əksər sahələrini əhatə edən 350-dən çox açıq məsələnin həllini dərc edib. Şirkətin bildirdiyinə görə, bu nəticələri onun yeni, hələ ictimaiyyətə təqdim edilməmiş süni intellekt modeli əldə edib. Həmin model bundan əvvəl riyaziyyatın minillik problemlərindən biri olan Navye–Stoks tənlikləri ilə bağlı da diqqətçəkən nəticə ortaya qoymuşdu.
Riyaziyyatçılar əvvəlki nəticələri hələ tam araşdırıb qiymətləndirməyə macal tapmamış yeni açıqlama elmi ictimaiyyətdə böyük rezonans doğurub. Bir çox alim öz tədqiqat sahələrinin gələcəyini və hətta sevdikləri peşənin mahiyyətini yenidən düşünməli olduqlarını deyir.
Süni intellekt yüzlərlə açıq riyazi məsələyə cavab tapıb
OpenAI sentyabrın 21-də yeni modelinin uzun müddətdir həllini gözləyən çoxsaylı riyazi məsələlər üzrə nəticələr əldə etdiyini açıqlamışdı. Bu, Navye–Stoks tənlikləri ilə bağlı nəticəni ortaya qoyan həmin modeldir.
Navye–Stoks tənlikləri riyaziyyatın ən mühüm yeddi problemi sırasına daxil olan minilliyin problemlərindən biridir. Bu problemlərin hər birinin həllinə görə bir milyon dollar mükafat nəzərdə tutulub. Sentyabrın 8-də yayımlanan ilk açıqlama riyaziyyatçılar arasında çaşqınlıq yaratmışdı. Bunun bir neçə səbəbi var idi.
Birincisi, bəzi tədqiqatçılar problemin həllinə artıq yaxınlaşdıqlarını düşünürdülər və onun növbəti həll olunmuş minillik problemi olacağını gözləyirdilər. İkincisi, iki tədqiqatçı OpenAI-ni şirkətin süni intellekt sistemləri ilə bölüşdükləri araşdırma nəticələrini mənimsəməkdə şübhəli bilirdi.
Üçüncüsü isə modelin əldə etdiyi nəticələri anlamaq çətin idi. Braun Universitetinin riyaziyyatçısı Xavyer Qomes-Serrano həmin məqaləni belə xarakterizə etmişdi: “Bu məqalə insanlar üçün yazılmayıb”. Onun fikrincə, nəticələr yalnız ciddi şəkildə işlənib yenidən təqdim edildikdən sonra riyazi biliklərin inkişafına töhfə verə bilər. Navye–Stoks tənlikləri ətrafında müzakirələr səngiməmiş OpenAI yüzlərlə başqa riyazi məsələ üzrə nəticələrini açıqladı. Şirkətin məlumatına görə, model sınaq zamanı təxminən dörd min məsələ ilə qarşılaşıb və nəticədə 372 nəticə qrupu formalaşdırıb.
Oktyabrın 6-da OpenAI bu nəticələri GitHub-da dərc etdi. Şirkət əvvəlki tənqidlərin bir qismini nəzərə almağa çalışaraq mövzu üzrə insan alimlərin araşdırmalarına istinadlar və süni intellektin mülahizələrinin qısa xülasələrini də təqdim etdi. Belə xülasələr 10 nəticə üçün dərc olunub.
Buna baxmayaraq, yeni açıqlama yenə də Filds mükafatı laureatlarının və OpenAI ilə əməkdaşlıq edən müstəqil Riyaziyyat və Süni İntellekt Məsləhət Qrupunun — AGMAI-nin narahatlığına səbəb olub. AGMAI-nin əsas tələblərindən biri şirkətin açıq riyazi problemlərdən öz modellərini sınaqdan keçirmək üçün istifadə etməyi dayandırması idi. OpenAI isə bu tələbi yerinə yetirməyib.
Riyaziyyatçılar niyə narahatdırlar?
Proofs and Prompts adlı riyazi bloq OpenAI-nin yeni nəticələri barədə yüzdən çox rəyi toplayıb. Bəzi alimlər şirkəti akademik standartlara lazımi diqqət yetirməməkdə ittiham ediblər. Digərləri nəticələrin hələ müstəqil şəkildə yoxlanılmadığını vurğulayıblar. Bəzi tədqiqatçılar isə süni intellektin yaratdığı yeni imkanlardan ruhlandıqlarını bildiriblər. Lakin ən geniş yayılmış reaksiya çaşqınlıq olub.
Filds mükafatı laureatı, Cenevrə Universitetinin professoru Uqo Düminil-Kopen öz hisslərini belə ifadə edib: “Bir gün bizim geridə qalacağımızı bilirdim. Bunun sistemli şəkildə baş verəcəyini də anlayırdım. Amma dünənki xəbər gözlədiyimdən qat-qat güclü təsir göstərdi. Özümün də üzərində işlədiyim mövzulara həsr olunmuş onlarla elmi iş var.
Sarsıntı çox böyükdür. Özümü iflic olmuş kimi hiss edirəm. Sabah bir yol tapacağıq. Peşəmizi yenidən düşünəcəyik. Biz möhkəm bir elmi ictimaiyik və uyğunlaşacağımıza şübhəm yoxdur. Amma hazırda gücüm yoxdur. Bütün bu illər, insanlar, həmkarlarım və tələbələrim haqqında düşünürəm. Düzgün sözləri tapa bilməyəcəyimdən qorxuram”.
“Kəşf naminə axtarışın özü də dəyərdir”
Minilliyin problemlərini müəyyənləşdirən Kley Riyaziyyat İnstitutunun prezidenti Martin Bridson da açıqlamanın miqyasının heyrətamiz olduğunu bildirib. Onun sözlərinə görə, hələ yaxın vaxtlara qədər riyazi biliklərin sərhədlərinin cəmi bir gün ərzində bu qədər genişlənə biləcəyini təsəvvür etmək mümkün deyildi.
Bridson süni intellektin yeni imkanlar yaratdığını qəbul etsə də, alimləri narahat edən başqa bir məqama diqqət çəkib: onun sevdiyi həyat tərzi - yeni kəşflərin ardınca getmək və naməlum məsələləri araşdırmaq — daha az tanış və əvvəlki qədər cəlbedici olmayan bir prosesə çevrilə bilər. O, həmçinin süni intellekt laboratoriyalarının kommersiya maraqlarının dünya riyaziyyat ictimaiyyətinin dəyərləri ilə üst-üstə düşməməsi ehtimalından narahatlığını ifadə edib.
Bolonya Universitetinin professoru Covanni Monqardi isə daha bədbin mövqe sərgiləyib:
“Bu gün biz mühüm bir şeyi həmişəlik itirdik. Biz teoremlərdən ibarət naməlum dünyanı araşdıran tədqiqatçılar, gözəl sübutlar yaradan mahir zərgərlər idik. Bu gün isə maşın gəldi. O, bizdən sürətlidir, bəşəriyyətin indiyədək yaratdığı hər şeyi bilir və sual verdikdən bir neçə an sonra cavab təqdim edir.
Bizə qalan yalnız Maşın Tanrısının kahinlərinə çevrilmək, onun dediklərini dinləmək və başqalarına izah etməkdir. Qorxuram ki, insan düşüncəsinin gələcəyi bizi üfüqdən kənara aparan sualların qalmadığı bir səhraya çevrilsin”.
London İmperial Kollecinin professoru Kevin Bazzard isə daha nikbin yanaşır. O, hazırkı vəziyyətin xaotik olduğunu, süni intellektin yaratdığı elmi məqalələrin keyfiyyəti ilə bağlı problemlərin mövcudluğunu və OpenAI-nin bəzi məqalələrinin artıq geri götürüldüyünü qeyd edib.
Bununla belə, Bazzard hesab edir ki, sonda həqiqət və elmi anlayış üzə çıxacaq: “Bu həftə riyaziyyat, şübhəsiz ki, irəliyə doğru addım atdı. Bunu inkar etmək olmaz”.
Süni intellekt elmi inkişaf etdirir, yoxsa alimlərin rolunu azaldır?
Uqo Düminil-Kopen Cenevrə Universitetinin professoru və 2022-ci ilin Filds mükafatı laureatıdır. O, faza keçidləri zamanı yaranan qanunauyğunluqları araşdırır. Avqustun 30-da alim Proofs and Prompts bloqunda süni intellektin riyaziyyat üçün yaratdığı təhlükələr haqqında məqalə dərc etmişdi.
Onun fikrincə, neyron şəbəkələrin mürəkkəb məsələləri həll etmək qabiliyyəti alimlərə sürətli nəticələr qazandırır, lakin eyni zamanda elmi axtarış prosesinin öz dəyərini azalda bilər. Halbuki məhz həll yolu axtarışı - hətta uğursuz cəhdlər belə - yeni ideyalar yaradır, elmin yeni istiqamətlərini formalaşdırır və tələbələrə tədqiqat aparmağı öyrədir.
Oktyabrın 8-də Fransa Riyaziyyat Cəmiyyətinin seminarında çıxış edən Düminil-Kopen etiraf edib ki, onun və həmkarlarının əvvəlki xəbərdarlıqları texnologiya şirkətlərinin fəaliyyətinə təsir göstərməyib. O bildirib ki, OpenAI oktyabrın 6-da onun təqdimatlarında, məqalələrində və qrant müraciətlərində bəhs etdiyi bütün məsələlər üzrə nəticələr açıqlayıb. Riyaziyyatçı öz vəziyyətini üzərindən yük maşınları karvanı keçmiş cizgi filmi qəhrəmanının vəziyyəti ilə müqayisə edib. “Özümü elə görünməmiş bir vəziyyətdə tapmışam ki, tədqiqat apardığım bütün istiqamətlər artıq araşdırılıb”, - deyə o bildirib.
Elmi kəşflərin gələcəyi necə olacaq?
OpenAI-nin nəticələri süni intellektin elmi araşdırmalarda rolunun sürətlə artdığını göstərir. Lakin dərc edilmiş bütün nəticələrin eyni dərəcədə əhəmiyyətli və düzgün olduğunu demək hələ tezdir. Onların bir hissəsinin müstəqil yoxlanılması, sübutların başa düşülən formada təqdim edilməsi və elmi ictimaiyyət tərəfindən qiymətləndirilməsi lazımdır.
Mübahisənin mərkəzində yalnız maşının insandan daha sürətli hesablamalar aparması dayanmır. Əsas sual budur: əgər süni intellekt mürəkkəb məsələlərə cavab tapmaqda getdikcə daha böyük rol oynayırsa, insan alimin işi nədən ibarət olacaq?
Bəziləri üçün bu, elmi tərəqqinin yeni mərhələsidir. Digərləri üçün isə kəşf prosesinin özünün - suallar vermək, səhvlər etmək, həll yolu axtarmaq və nəticəyə addım-addım yaxınlaşmaq təcrübəsinin - dəyərini itirmək təhlükəsidir.
Görünür, riyaziyyat qarşısında indi iki paralel vəzifə dayanır: süni intellektin yaratdığı imkanlardan istifadə etmək və onun təqdim etdiyi nəticələrin həqiqətən etibarlı olduğunu sübut etmək.



















