2027-ci il üçün dövlət büdcəsi xərcləri 42,4 milyard manat proqnozlaşdırılır
2027-ci ildə dövlət büdcəsinin xərclərinin 42 milyard 400 milyon manat olacağı proqnozlaşdırılır. Bu, 2026-cı ilin təsdiq edilmiş göstəricisindən 696,4 milyon manat və ya 1,7 faiz çoxdur.
ENA.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.
Sənədə görə, xərclərin 26,4 milyard manatı cari xərclərə, 13,8 milyard manatı əsaslı xərclərə, 2,2 milyard manatı isə dövlət borcu və öhdəliklərinə xidmətə yönəldilə bilər.
Funksional bölgüdə 2027-ci il üçün müdafiə və milli təhlükəsizlik xərclərinin 8 milyard 816,4 milyon manat, iqtisadi fəaliyyət xərclərinin 8 milyard 907,3 milyon manat, təhsil xərclərinin 5 milyard 99 milyon manat, sosial müdafiə və sosial təminat xərclərinin isə 4 milyard 914 milyon manat olması nəzərdə tutulur.
Hesabatda işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2027–2030-cu illərdə 13,2 milyard manat xərclənməsinin proqnozlaşdırıldığı da bildirilir.



















