Dövlət büdcəsi yarım ili 2,4 milyard manat profisitlə başa vurub
2026-cı ilin ilk altı ayında Azərbaycanın dövlət büdcəsində 2 milyard 403,7 milyon manat profisit yaranıb. Bu göstərici proqnozlaşdırılandan 805,4 milyon manat və ya 50,4 faiz çoxdur.
ENA.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.
Hesabatda qeyd olunur ki, dövlət büdcəsinin gəlirləri 19 milyard 179,2 milyon manat təşkil edib. Bu, proqnozdan 350,3 milyon manat artıq, ötən ilin eyni dövründən isə 3,2 faiz azdır. Gəlirlərin 10 milyard 981 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb; bu məbləğ illik müqayisədə 6,8 faiz çoxdur.
Dövlət büdcəsinin xərcləri 16 milyard 775,5 milyon manat olub. Xərclərin 69,4 faizi cari xərclərə, 25 faizi əsaslı xərclərə, 5,6 faizi isə dövlət borcuna xidmətə yönəldilib.
İcmal büdcədə də profisit qeydə alınıb. Onun gəlirləri 24 milyard 405 milyon, xərcləri isə 19 milyard 824,3 milyon manat təşkil edib. Nəticədə icmal büdcənin profisiti 4 milyard 580,7 milyon manata, yaxud ÜDM-in 7 faizinə çatıb.


















