Heybət Qədirov “ABB Davr Bank”ın İdarə Heyəti sədrinin müavini təyin edilib
ABB-nin İdarə Heyəti sədrinin müşaviri Heybət Qədirov Özbəkistanın “ABB Davr Bank” İdarə Heyəti sədrinin müavini təyin edilib.
Bu barədə qərar bankın səhmdarlarının oktyabrın 9-da keçirilən növbədənkənar ümumi yığıncağında qəbul olunub.
Heybət Qədirov yeni vəzifəsində bankın əvvəlki rəhbərliyində təmsil olunan şəxslərdən birini əvəz edəcək. Onunla yanaşı, ABB-nin baş direktoru Aynur Süleymanlı da İdarə Heyəti sədrinin müavini təyin olunub. Yeni təyinatlar Özbəkistan Mərkəzi Bankı ilə razılaşdırıldıqdan sonra qüvvəyə minəcək.
Qeyd edək ki, Heybət Qədirov 2026-cı il sentyabrın 10-da “Unibank”dakı vəzifəsindən ayrılıb. O, həmin bankda İdarə Heyəti sədrinin müavini, İcraçı direktorun birinci müavini və Baş Əməliyyat inzibatçısı vəzifələrində çalışıb.
H.Qədirov 2008-ci ildən “Unibank”da fəaliyyət göstərib. Karyerası ərzində kreditlərin inzibatçılığı, əməliyyat riskləri və pərakəndə bankçılıq istiqamətlərində müxtəlif rəhbər vəzifələr tutub. 2019–2021-ci illərdə pərakəndə biznes üzrə baş direktor, 2021-ci ilin dekabrından isə İdarə Heyəti sədrinin müavini olub.
O, Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə və kredit ixtisası üzrə bakalavr və magistr təhsili alıb.
Xatırladaq ki, ABB 2026-cı ilin sentyabrında “Davr Bank”ın 51%-lik səhmlərini təxminən 140 milyon dollara əldə edib. Bankın adının “ABB Davr Bank” olaraq dəyişdirilməsi də təsdiqlənib.



















