Azərbaycanda ÜDM ilin ilk yarısında 0,8 faiz artıb
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) real ifadədə 0,8 faiz artaraq 65,2 milyard manat təşkil edib.
ENA.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.
Hesabatda artımın neft-qaz sektorundakı geriləmənin səngiməsi və qeyri-neft-qaz sektorunun genişlənməsi hesabına baş verdiyi bildirilir. Yarımildə neft-qaz sektorunda azalma 0,7 faiz, qeyri-neft-qaz sektorunda isə artım 1,5 faiz olub.
Sahələr arasında ən yüksək artım nəqliyyat və anbar təsərrüfatında qeydə alınıb: bu sektor 8 faiz böyüyüb. Qeyri-neft-qaz sənayesində artım 4,7 faiz təşkil edib. Tikinti sektorunda isə 13 faizlik azalma müşahidə olunub.
Hesabatda əsas kapitala yönəldilən investisiyaların da artdığı qeyd edilir. Yanvar-iyun aylarında investisiyalar real ifadədə 13,8 faiz artaraq 9,3 milyard manata çatıb.



















