"Ziraat Bank"a şirkətlərdən gələn pullar 39% artıb: HESABATIN TƏHLİLİ
Ziraat Bank Azərbaycan böyüyür. Kredit portfeli 24%-ə yaxın böyüyüb, depozitlər 28% artıb, faiz xərcləri isə faiz gəlirlərindən daha sürətlə yüksəlib. ENA.az Ziraat Bank Azərbaycan-ın 2026-cı il sentyabrın 30-na olan maliyyə hesabatlarını təhlil edib.
Mənfəət 21 milyon manata yaxınlaşıb: gəlirlər artır, xərclər də şişir
Ziraat Bank Azərbaycan 2026-cı ilin yanvar-sentyabr aylarında 20,96 milyon manat xalis mənfəət əldə edib. Ötən ilin eyni dövründə bu göstərici 18,36 milyon manat olub. Beləliklə, xalis mənfəət 2,60 milyon manat və ya 14,1% artıb.
Bankın faiz gəlirləri daha sürətli yüksəlib. Doqquz ay ərzində bu gəlirlər 56,28 milyon manatdan 83,17 milyon manata çatıb. Artım 47,9% təşkil edib. Faiz gəlirlərinin əsas mənbəyi kreditlərdir. Müştərilərə verilən kreditlər üzrə faiz gəlirləri 43,36 milyon manatdan 66,43 milyon manata yüksəlib. Bu, 53,2% artım deməkdir. Lakin bankın cəlb etdiyi vəsaitlərə görə ödədiyi faizlər də əhəmiyyətli dərəcədə artıb.
|
Göstərici |
2025-ci ilin 9 ayı |
2026-cı ilin 9 ayı |
Dəyişmə |
|
Faiz gəlirləri |
56,28 mln. manat |
83,17 mln. manat |
+47,9% |
|
Faiz xərcləri |
24,86 mln. manat |
42,18 mln. manat |
+69,7% |
|
Xalis faiz gəliri |
31,42 mln. manat |
40,99 mln. manat |
+30,5% |
|
Əməliyyat mənfəəti |
29,23 mln. manat |
36,72 mln. manat |
+25,6% |
|
Vergidən əvvəlki mənfəət |
23,49 mln. manat |
26,43 mln. manat |
+12,5% |
|
Xalis mənfəət |
18,36 mln. manat |
20,96 mln. manat |
+14,1% |
Cədvəldə əsas diqqətçəkən fərq faiz gəlirlərinin 47,9%, faiz xərclərinin isə 69,7% artmasıdır. Buna baxmayaraq, xalis faiz gəliri 30,5% yüksəlib. Deməli, bank faiz gəlirləri ilə faiz xərcləri arasındakı fərqi böyütməyi bacarıb, amma artan maliyyələşmə xərcləri gəlirlərin bir hissəsini udub.
Digər tərəfdən, əməliyyat mənfəətinin 25,6% artmasına baxmayaraq, vergidən əvvəlki mənfəət yalnız 12,5% yüksəlib. Bunun əsas izahlarından biri aktivlər üzrə mümkün zərərlər üçün ehtiyat ayırmalarının artmasıdır.
Depozitlər üzrə faiz xərcləri 2,5 dəfə artıb
Ziraat Bankın maliyyə hesabatında ən diqqətçəkən məqamlardan biri depozitlərə görə ödənilən faizlərin dinamikasıdır. 2026-cı ilin ilk doqquz ayında depozitlər üzrə faiz xərcləri 37 milyon manata yaxın olub. Ötən ilin eyni dövründə bu rəqəm 14,59 milyon manat idi. Beləliklə, xərclər təxminən 153,5% artıb — başqa sözlə, 2,5 dəfədən çox yüksəlib. Bu artım bankın ümumi faiz xərclərinin yüksəlməsində əsas rol oynayıb. Müqayisə üçün, ümumi faiz xərcləri 24,86 milyon manatdan 42,18 milyon manata çatıb.
Burada vacib sual yaranır: depozitlərə görə ödənilən faizlərin bu qədər yüksəlməsi nədən qaynaqlanır? Səbəblər arasında depozit portfelinin böyüməsi, cəlb edilən vəsaitlərin müddət və strukturunun dəyişməsi, eləcə də təklif olunan faiz dərəcələri ola bilər.
Kredit portfeli 949 milyon manatı keçib: artımın qiyməti nədir?
Bankın müştərilərə verdiyi kreditlərin ümumi həcmi 2025-ci ilin sonunda 766,86 milyon manat olduğu halda, 2026-cı il sentyabrın 30-da 949,04 milyon manata çatıb. Bu, 182,18 milyon manat və ya 23,8% artım deməkdir.
Ehtiyatlar çıxıldıqdan sonra xalis kredit portfeli 751,13 milyon manatdan 924,57 milyon manata yüksəlib. Artım 23,1% təşkil edib.
|
Kredit göstəricisi |
2025-ci ilin sonu |
30 sentyabr 2026 |
Dəyişmə |
|
Ümumi kredit portfeli |
766,86 mln. manat |
949,04 mln. manat |
+23,8% |
|
Kreditlər üzrə məqsədli ehtiyatlar |
15,73 mln. manat |
24,47 mln. manat |
+55,6% |
|
Xalis kredit portfeli |
751,13 mln. manat |
924,57 mln. manat |
+23,1% |
Kredit portfelinin artması bankın gələcək faiz gəlirləri üçün daha geniş baza yaradır. Hesabatdakı kredit faizlərinin 53,2% artması da bu genişlənmə ilə uyğun gəlir. Bununla belə, kreditlərin böyüməsi ilə yanaşı, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar daha sürətli artıb.
Ehtiyatların həcmi 15,73 milyon manatdan 24,47 milyon manata yüksəlib. Mənfəət hesabatında kredit itkiləri üzrə ehtiyat ayırmalarının 4,68 milyon manatdan 10,75 milyon manata yüksəlməsi ayrıca diqqət tələb edir. Artım təxminən 129,7%-dir. Yəni bank bir tərəfdən daha çox kredit verir və faiz gəlirlərini artırır, digər tərəfdən həmin kreditlər üzrə mümkün itkiləri qarşılamaq üçün daha çox vəsait ayırır. Hazırda Bankın vaxtı keçmiş kreditlərinin həcmi 48 milyon manatı keçib. Bu isə ümumi portfelin 5%-id deməkdir.
Depozitlər 28% artıb: artımın əsas hissəsi şirkətlərdən gəlib
Bankın müştərilərdən cəlb etdiyi depozitlərin ümumi həcmi 2025-ci ilin sonundakı 682,70 milyon manatdan 874,10 milyon manata yüksəlib. Artım 191,40 milyon manat və ya 28% təşkil edib.
Lakin depozit artımının strukturuna baxdıqda görünür ki, əsas yük hüquqi şəxslərin vəsaitlərinin üzərinə düşür.
|
Depozit növü |
2025-ci ilin sonu |
30 sentyabr 2026 |
Dəyişmə |
|
Ümumi depozitlər |
682,70 mln. manat |
874,10 mln. manat |
+28,0% |
|
Fiziki şəxslərin tələbli depozitləri |
39,72 mln. manat |
34,45 mln. manat |
−13,3% |
|
Hüquqi şəxslərin tələbli depozitləri |
312,71 mln. manat |
435,24 mln. manat |
+39,2% |
|
Fiziki şəxslərin müddətli depozitləri |
152,21 mln. manat |
170,49 mln. manat |
+12,0% |
|
Hüquqi şəxslərin müddətli depozitləri |
178,07 mln. manat |
233,92 mln. manat |
+31,4% |
Ən böyük artım hüquqi şəxslərin tələbli depozitlərində qeydə alınıb: bu vəsaitlər 122,54 milyon manat artıb. Hüquqi şəxslərin müddətli depozitləri də 55,85 milyon manat yüksəlib. Fiziki şəxslərin müddətli depozitləri 12% artdığı halda, tələbli depozitləri 13,3% azalıb. Bu, əhalinin bankdakı vəsaitlərinin strukturunda dəyişiklik olduğunu göstərir.
Bankın aktivləri 1,62 milyard manata çatıb: vəsaitlər hansı istiqamətlərə yönəlib?
Ziraat Bankın cəmi aktivləri ilin əvvəlindəki 1 milyard 367,74 milyon manatdan 1 milyard 616,63 milyon manata yüksəlib. Artım 248,89 milyon manat və ya 18,2% təşkil edib. Aktivlərin strukturunda bir neçə dəyişiklik diqqət çəkir: Müştərilərə verilmiş kreditlər 182,18 milyon manat artıb. Banklardakı depozitlər 376,10 milyon manatdan 461,47 milyon manata yüksəlib. Mərkəzi Bankdakı müxbir hesabın qalığı 25,27 milyon manatdan 69,87 milyon manata çatıb. Qiymətli kağızların həcmi isə 95,37 milyon manatdan 31,39 milyon manata düşüb.
Beləliklə, bankın aktivlərinin artımını təkcə kreditləşmə ilə izah etmək olmaz. Banklardakı depozitlər və Mərkəzi Bankdakı müxbir hesab da böyüyüb. Bunun əksinə olaraq, qiymətli kağızların balans dəyəri əhəmiyyətli dərəcədə azalıb. Bu dəyişiklik bankın aktivlərinin strukturunun yenidən formalaşdığını göstərir. Lakin qiymətli kağızların azalmasının satış, ödəniş müddətinin başa çatması və ya digər əməliyyatlarla bağlı olduğunu hesabat əsasında dəqiqləşdirmək mümkün deyil.
Kapital adekvatlığı normadan yüksəkdir: bankın ehtiyat payı nə qədərdir?
Ziraat Bank Azərbaycan-ın kapital hesabatına əsasən, tutulmalardan sonra məcmu kapital 173,31 milyon manat, risk dərəcəsi üzrə ölçülmüş aktivlər isə 1 milyard 225,40 milyon manat təşkil edib.
Bankın əsas kapitalının adekvatlıq əmsalı 11,32%, məcmu kapitalın adekvatlıq əmsalı isə 14,14% göstərilib. Hesabatda sistem əhəmiyyətli olmayan banklar üçün müvafiq minimum normalar 5,5% və 10,5% səviyyəsində verilib.


















