Neftin ucuzlaşması qızılın qiymətini artırıb (19.10.2026)
Dünya bazarlarında qızılın qiyməti neftin ucuzlaşmasının inflyasiya təzyiqlərini azalda biləcəyi gözləntiləri fonunda yeni həftəyə artımla başlayıb.
ENA.az xəbər verir ki, spot qızılın qiyməti 0,3% artaraq bir unsiya üçün 4 175,60 dollara yüksəlib. ABŞ-da dekabr fyuçersləri isə 0,4% bahalaşaraq 4 196,40 dollara çatıb.
“KCM Trade” şirkətinin baş bazar analitiki Tim Uoter neft qiymətlərinin yumşalmasının inflyasiya ilə bağlı gözləntiləri yaxşılaşdırdığını və qızılın bahalaşmasını dəstəklədiyini bildirib.
İnvestorların diqqəti Federal Ehtiyat Sisteminin (Fed) gələcək faiz siyasəti ilə bağlı siqnallara və gələn həftə açıqlanacaq ABŞ-ın fərdi istehlak xərcləri (PCE) üzrə inflyasiya göstəricisinə yönəlib. Faiz dərəcələrinin yüksəlməsi faiz gəliri gətirməyən qızılın cəlbediciliyini azalda bilər.
Digər qiymətli metallardan gümüş 0,9% bahalaşaraq bir unsiya üçün 57,54 dollara, platin 0,7% artaraq 1 642,29 dollara, palladium isə 1,5% yüksələrək 1 129,13 dollara çatıb.


















