TURİZM

Noyabrda 4 gün tətil var, hara gedək? - Şəkiyə! Şəkidə haranı gəzək, nə alaq? – II YAZI

Şəkidəsinizsə, şəhərdən bir qədər kənarda, dağların qoynunda yerləşən Kiş kəndinə gedirik...

Üçüncü gün: Kiş kəndinə doğru — tarixlə üz-üzə

Kişə gedən yolun özündə də bir rahatlıq var. Kənd evləri, dağların vüqarı, yaşıllığın içindən görünən həyətlər adama elə gəlir ki, tamam başqa bir zamana keçib. Şəkidən təxminən beş kilometr aralıda yerləşən bu kənd Böyük Qafqazın cənub ətəklərində, dağların arasında qərar tutub.

Məbədə doğru kəndin içi ilə yuxarı qalxırıq. İstəsəniz, bu yolu piyada gedə, istəsəniz, yerli sakinlərin təklif etdiyi nəqliyyat xidmətlərindən yararlana bilərsiniz. Yolun daşları, ətrafdakı evlər, yamacların sakitliyi insanı tələsməməyə çağırır. Burada yolun özü də səyahətin bir hissəsidir. Və nəhayət, qarşımızda Kiş Alban məbədi görünür.

İlk baxışdan sadə, hətta bir qədər təvazökar təsir bağışlayan bu tikilinin divarları arxasında nə qədər əsr, nə qədər inanc və nə qədər insan hekayəsi gizləndiyini düşünəndə ona başqa gözlə baxmağa başlayırsan. Çünki bu, sadəcə qədim bir bina deyil. Kiş məbədi Qafqazın ən qədim xristian ibadət məkanlarından biri, Qafqaz Albaniyasının tarixi-mədəni irsinin ən dəyərli yadigarlarındandır. Məbədin əsasının eramızın ilk əsrlərinə aid olduğu qəbul edilir, lakin arxeoloji araşdırmalar burada ondan da qədim bir ibadət məkanının mövcudluğuna işarə edir.

Bir vaxtlar burada Aya baxıb arzu tuturdular...

Kişin ən maraqlı hekayəsi bəlkə də məhz bu sualla başlayır: bu gün xristian məbədi kimi tanıdığımız yerdə minilliklər əvvəl nə vardı?

Rəvayətləri və tarixi məlumatları bir araya gətirəndə qarşımıza insanlığın qədim inanc dünyası çıxır. O zamanlar insanlar göy üzünə baxır, Günəşin doğuşunda həyatın başlanğıcını, Ayın dəyişən şəkillərində isə dünyanın sirrini axtarırdılar. Təbiət hadisələri onlar üçün yalnız mənzərə deyil, müqəddəs bir qüvvənin nişanəsi idi. Ay və Günəşə sitayişin geniş yayıldığı dövrlərdən söz açan mənbələr Kişdəki məbədin daha qədim dini məkanın üzərində ucaldılması ehtimalını da xatırladır. Azərbaycan Prezidentinin rəsmi saytında dərc olunan tarixi məlumatda da məbədin Qafqaz Albaniyasında geniş yayılmış Ay məbədinin özülü üzərində tikildiyi qeyd olunur.

Təsəvvür edin: minilliklər əvvəl bu dağların qoynunda yaşayan insanlar gecələr başlarını göyə qaldırıb Ayı seyr edirdilər. Onların duaları, qorxuları, ümidləri bu gün bizə gəlib çatmayıb. Ancaq həmin inanc dünyasının izləri torpağın altında, qədim tikililərin bünövrəsində, arxeoloqların üzə çıxardığı maddi qalıqlarda axtarılır.

Sonra zaman dəyişib. İnanc dəyişib. Eyni məkanda yeni bir ibadət ocağı yaranıb. Kiş məbədi xristianlığın Qafqazda yayılmasının erkən izlərini qoruyan məkanlardan birinə çevrilib. Tarixin bu qatlarını düşünəndə məbədin adı çəkiləndə tez-tez işlədilən “məbəd içərisində məbəd” ifadəsi daha aydın məna qazanır: burada söhbət yalnız daşların üst-üstə düzülməsindən yox, bir məkanın müxtəlif dövrlərdə fərqli inanclara şahidlik etməsindən gedir.

Müqəddəs Yeliseyin izi və Qafqazın qədim xristianlıq hekayəsi

Kiş məbədi ilə bağlı ən məşhur rəvayətlərdən biri Müqəddəs Yeliseyin adı ilə bağlıdır. Rəvayətə görə, xristianlığı təbliğ etmək üçün Qafqaz Albaniyasına gələn Yelisey Kişə çataraq burada kilsə tikdirib. Elə buna görə məbəd Müqəddəs Yelisey kilsəsi adı ilə də tanınır. Bu hekayə əsrlər boyu məkanın yaddaşında yaşayıb və Kişin xristianlıq tarixindəki yerini daha da xüsusi edib.

Məbədi bəzən Qafqazda ilk xristian kilsəsi kimi təqdim edirlər. Məbədin ayrı-ayrı tikinti mərhələləri, bünövrəsi və arxeoloji tapıntıları alimlər tərəfindən araşdırılıb. Məhz bu araşdırmalar göstərir ki, Kiş məbədi bir dəfə tikilib olduğu kimi qalmış bina deyil; zamanla dəyişib, yenidən qurulub, müxtəlif memarlıq mərhələlərindən keçərək bu gün gördüyümüz görkəmini alıb.

Mənə elə gəlir ki, Kişin ən böyük sirri də budur: o, keçmişi bircə tarixə, bircə inanca, bircə hekayəyə sığışdırmır. Burada hər dövr öz izini qoyub, növbəti dövrə isə nəsə ötürüb.

Divara yapışdırılan qəpiklər — bu gün də davam edən səssiz arzular

Məbədin içində insanın diqqətini çəkən detallardan biri də divarlara yapışdırılmış xırda qəpiklərdir. Onlara baxanda düşünürsən ki, bu daş divarlar yalnız tarixə şahidlik etmir, bu gün də insanların ümidlərini qəbul edir.

Kimsə qəpiyi divara yapışdırıb ürəyində arzu tutur. Kimsə sakitcə dayanıb dua edir. Minilliklərin yükünü daşıyan məbəd müasir insanın içindəki sadə, amma dərin ehtiyacla — inanmaq, ümid etmək, yaxşı bir şeyin baş verəcəyinə ürəkdən bağlanmaq arzusu ilə bu gün də yaşayır.

Divardakı qəpiklərin hər birinin arxasında bir hekayə olduğunu düşünmək xoşdur. Bəlkə kimsə sağlamlıq diləyib, kimsə yolunu gözlədiyi insanın qayıtmasını arzulayıb, bir başqası isə sadəcə ailəsinin xoşbəxtliyi üçün dua edib. Bunların hansının doğru olduğunu bilmirik. Ancaq hər biri bizə insanın əsrlər dəyişsə də, daxilən nə qədər oxşar qaldığını xatırladır.

Məbədin tarixi haqqında danışmaq üçün burada mütləq qədim kitabələrə və arxeoloji tapıntılara baxmaq lazımdır. Amma onun bu gününü anlamaq üçün divarlardakı həmin xırda qəpiklərə də nəzər salmaq kifayətdir. Tarix bəzən böyük hadisələrdə, bəzən də divara səssizcə yapışdırılmış kiçik bir arzuda yaşayır.

Şüşənin arxasında minilliklərdən gələn sirr

Məbədin ən təsirli hissələrindən biri isə torpağın altında qalmış dəfn izlərinin nümayiş etdirildiyi bölmədir. Şüşə örtüyün arxasında insan qalıqlarını görəndə tarix birdən-birə abstrakt anlayış olmaqdan çıxır. Qarşında artıq yalnız qədim bir dövr haqqında məlumat yoxdur — burada bir vaxtlar yaşamış, nəfəs almış, öz dünyası və taleyi olmuş insanların izləri var.

Qalıqlar arasında boyu iki metr və iki metri keçmiş skeletlər diqqəti xüsusilə cəlb edir. Arxeoloji qazıntılar zamanı aşkar edilmiş qəbirlər Kişin tarixinin nə qədər dərin qatlara uzandığını göstərən mühüm dəlillərdəndir. Bəzi ziyarətçilər üçün bu bölmə səyahətin ən maraqlı, bəziləri üçün isə ən düşündürücü hissəsidir. Çünki insan burada öz ömrünün qısalığını, zamanın böyüklüyünü daha aydın hiss edir. Bu gün ayaq basdığımız torpaqda bizdən əvvəl neçə-neçə nəsil yaşayıb. Onların evləri, gündəlik qayğıları, sevincləri və qorxuları zamanın içində itib, amma bir vaxtlar dəfn edildikləri yerin izləri bu günədək gəlib çatıb.

Kişdəki qəbirləri seyr edərkən mənə elə gəlir ki, bu məkanın ən böyük dərsi sadədir: tarix yalnız hökmdarların və böyük hadisələrin hekayəsi deyil. O, adı bizə məlum olmayan insanların da hekayəsidir.

Bu qədim məkan necə qorunub saxlandı?

Kiş haqqında danışarkən bir məqamı ayrıca xatırlamaq lazımdır. Məbəd əsrlər boyu yerli sakinlərin yaddaşında və həyatında öz yerini qoruyub. Rəsmi tarixi-memarlıq qoruğu məlumatlarında da onun uzun müddət yerli əhali tərəfindən ziyarətgah kimi istifadə olunmasının abidənin günümüzə qədər gəlib çatmasında mühüm rol oynadığı qeyd edilir.

Bu fakt məni xüsusilə düşündürür. Çünki tarixən müxtəlif dini və mədəni ənənələrin bir-birini əvəz etdiyi bu torpaqlarda qədim bir məkanın qorunub saxlanması təkcə daş divarların möhkəmliyindən asılı olmayıb. O, həm də keçmişə sahib çıxmağın, fərqli tarixi qatları qorumağın və mədəni irsi gələcək nəsillərə ötürməyin nümunəsidir.

Kəlağayı emalatxanası: ipəyin üzərində yazılan qadın hekayələri

Səyahətinizin növbəti maraqlı dayanacağı “Süsən” kəlağayı emalatxanası ola bilər. İçəri daxil olan kimi gözünüz rənglərin sehrinə düşür. Bir tərəfdə al-qırmızı, narıncı və qızılı çalarlar, başqa tərəfdə sakit mavi, zərif yaşıl, qəhvəyi və ağ rənglər... İpək parçalar sanki hərəkətsiz dayanıb, amma onların hər birində ayrıca bir həyat, bir duyğu yaşayır.

Ənənəyə görə, gənc qızlar daha çox əlvan, açıq rəngli kəlağayılara üstünlük verər, yaşlı qadınlar isə sakit və tünd çalarları seçərdilər. Qırmızı kəlağayı toy mərasimlərində gəlinin libasının mühüm hissəsi sayılırdı. Xoş xəbəri, sevinci, yeni başlanğıcı simvolizə edən bu ipək örtük bəzən ailənin ən əziz yadigarına çevrilirdi.

Deməli, “Hansı qadın hansı kəlağayını taxmalıdır?” sualının cavabı təkcə rəng seçimində deyil. Ənənəvi baxışda yaş, mərasim, ailə vəziyyəti və hətta kəlağayının necə bağlanması belə əhəmiyyət daşıyıb. Məsələn, gəlin bənövşəyi kalağayı örtübsə, bu artıq onun ər evində əziyyət gördüyünə, gününün xoş keçmədiyinə işarədir. Və bunu görənlər həmin evin sahiblərinə qarşı ictimai qınaqla yanaşırmışlar.

Kəlağayının hazırlanması da səbir tələb edən bir sənət yoludur. Əvvəlcə ipək parça hazırlanır, sonra rənglənir. Daha sonra ağacdan və ya metaldan hazırlanmış xüsusi qəliblərlə naxışlar basma üsulu ilə parçaya köçürülür. Hər bir mərhələ diqqət və təcrübə istəyir. Qəlibi parçaya bir qədər fərqli basmaq, rəngin tonunu düzgün seçməmək son nəticəni dəyişə bilər. Bu emalatxanada muzey də fəaliyyət göstərir və burada yaşı 300 ilə gedib çıxan kəlağayı da var. Mütləq baxın, zövqünüzü oxşayacaq. 

Şəkixanovların evi: saray əzəmətinin ailə ocağındakı əksi

Şəkidə tarixi memarlıqla tanışlıq Xan sarayı ilə bitmir. XVIII əsrə aid Şəkixanovların evi ilk baxışda yaşayış evi təsiri bağışlasa da, içəri daxil olduqda onun niyə saray tipli ev adlandırıldığını anlayırsan.

Şəkixanovların evi xan nəslinin qohumlarının yaşadığı, dekorativ elementlərlə zəngin bir tikilidir. İkimərtəbəli bina çiy kərpicdən inşa olunub, altı otaq və iki dəhlizdən ibarətdir. Onu xüsusi edən məqamlardan biri interyerindəki divar naxışlarıdır. Xan sarayında hakimiyyətin və dövlətçilik ənənələrinin izlərini görmüşdük. Şəkixanovların evində isə həmin dövrün məişətinə, yaşayış mədəniyyətinə və ailə dünyasına bir qədər yaxınlaşırıq. Burada bir neçə dəqiqə dayanıb divar naxışlarına diqqətlə baxmaq kifayətdir. Bəzən keçmişi anlamaq üçün uzun izaha ehtiyac olmur, sənət özü danışır.

Əhmədiyyə Cəbrayılovun xatirə muzeyi: bir ömrə sığan qəhrəmanlıq

Şəkinin görməli məkanları arasında elələri də var ki, insanda heyranlıqla yanaşı, dərin ehtiram hissi oyadır. Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun Xatirə Muzeyi belə ünvanlardandır.

Bu ev-muzey İkinci Dünya müharibəsi illərində Fransada Müqavimət Hərəkatının qəhrəmanlarından biri kimi tanınan Əhmədiyyə Cəbrayılovun həyatını və xatirəsini yaşadır. Muzeyə daxil olanda səyahətin ovqatı dəyişir. Bir az əvvəl rənglərin, naxışların və qədim memarlığın yaratdığı gözəllikdən danışırdıq. İndi isə qarşımızda insan iradəsinin, cəsarətin və vətənə bağlılığın hekayəsi dayanır.

Əhmədiyyə Cəbrayılovun həyatı bizə xatırladır ki, tarix yalnız sarayların, tikililərin və əşyaların yaddaşında yaşamır. Tarix, ilk növbədə, insan talelərində yaşayır. Bəzən bir insanın cəsarəti onun doğulduğu şəhərin adını uzaq ölkələrdə də tanıdır, onun hekayəsi isə nəsillər üçün örnəyə çevrilir.

Bu muzeydən çıxarkən Şəki haqqında düşüncələrinə daha bir qat əlavə olunur. Şəki yalnız ipəyin, sənətkarlığın və qədim memarlığın şəhəri deyil; həm də böyük həyat hekayələri yetişdirən, öz övladlarının xatirəsini qoruyan bir şəhərdir.

Ağvanlar hamamı: keçmişin gündəlik həyatına açılan qapı

Növbəti ünvanınız Ağvanlar hamamı olsa, bilin ki, XIX əsrə aid olan bu memarlıq abidəsi Şəkinin qədim məhəllələrindən birinin adı ilə bağlıdır. Bu gün hamam sözünü eşidəndə çoxumuzun ağlına sadəcə yuyunmaq və dincəlmək üçün nəzərdə tutulan məkan gəlir. Halbuki keçmişdə hamamlar insanların gündəlik həyatında daha geniş yer tuturdu. Onlar gigiyena məkanı olmaqla yanaşı, sosial münasibətlərin, söhbətlərin və adət-ənənələrin yaşandığı yerlər idi.

Ağvanlar hamamına baxarkən qalın divarlar, məkanın quruluşu və tarixi ab-havası insanı bir anlıq başqa dövrə aparır. Burada sarayların təmtərağından fərqli, daha sadə, amma şəhər həyatını anlamaq üçün eyni dərəcədə vacib bir tarix yatır.

Şəkinin tarixi məkanlarını gəzərkən ən gözəl cəhətlərdən biri də budur: hər yeni ünvan şəhərə başqa tərəfdən baxmağı öyrədir. Bir yerdə xanların dünyası ilə tanış olursan, başqa yerdə sənətkarların zəhmətini görürsən, bir başqa məkanda isə adi insanların gündəlik həyatının izlərini tapırsan.

Şəkiyə gəlib nə yeməmək olmaz? Əvvəlcə bir kasa isti piti!

İndi isə Şəkinin ən ləzzətli tərəfinə — mətbəxinə keçək. Çünki bu şəhəri tanımağın yollarından biri də onun süfrəsinə qonaq olmaqdır. Səfəriniz zamanı mütləq dadmağa dəyən yeməklərdən biri isə, əlbəttə, Şəki pitisidir.

Piti — tələsmədən bişən, tələsmədən yeyilən ləzzət

Piti xüsusi gil qabda, adətən qoyun əti, noxud və quyruq yağı ilə bişirilən ənənəvi yeməkdir. Reseptə və hazırlanma üsuluna görə şabalıd və başqa əlavələrdən də istifadə oluna bilər. Onun əsas sirri inqrediyentlər qədər bişmə prosesindədir: yemək vam odda uzun müddət bişdikcə dadlar bir-birinə qarışır, bulyon ətirli və dolğun olur. Piti süfrəyə gələndə onun gil qabı, isti buxarı və iştaha açan qoxusu yeməyin dadına baxmamış belə insanda xoş təəssürat yaradır. Ənənəvi təqdimatında əvvəlcə çörək tikələri qaba qoyulur, üzərinə pitinin suyu əlavə edilir. Sonra isə ət və noxud ayrıca əzilərək yeyilir. Bu yeməyin öz qaydası, öz ritmi var.

Pitinin gözəlliyi bir az da ondadır ki, onu tələsik yemək olmur. Şəki səfərində gündəlik qayğıları bir kənara qoyub isti pitinin qarşısında əyləşmək, hər qaşığın dadını hiss etmək və söhbətdən zövq almaq lazımdır.

Dopu dolması — kiçik saxsı qabda böyük ləzzət

Şəkinin mətbəxində sınamağa dəyər başqa bir təam dopu dolmasıdır. Üzüm yarpağına bükülmüş dolmalar xüsusi saxsı qabda — dopuda hazırlanır. Ət, düyü və göyərti ilə hazırlanan içlik, yarpağın ətri və saxsı qabda bişmə üsulu bu yeməyə özünəməxsus dad verir. Dopu dolmasını maraqlı edən təkcə ləzzəti deyil, hazırlanma üsuludur. Adi dolmadan fərqli olaraq, burada qabın özü də bişirmə ənənəsinin bir hissəsidir. Şəkiyə xas bu yeməyi dadarkən yerli mətbəxin necə incəliklə formalaşdığını, eyni yeməyin bölgədən-bölgəyə dəyişərək özünəməxsus xüsusiyyətlər qazandığını daha yaxşı anlayırsan.

Əgər mətbəxə marağınız xüsusilə böyükdürsə, əvvəlcədən razılaşmaqla Pitinin hazırlanma prosesi ilə tanış olmaq imkanı da axtara bilərsiniz. Bəzən bir yeməyin dadını anlamaq üçün onun necə hazırlandığını görmək də kifayət edir.

Ovriştə — Şəki süfrəsinin fərqli dadı

Şəki mətbəxində rastlaşa biləcəyiniz maraqlı təamlardan biri də ovriştədir. Bu yemək müxtəlif reseptlərdə ət və ya toyuğun turşməzə meyvə əlavələri ilə hazırlanması ilə seçilir. Zoğal, turş alça və ya nar kimi məhsullar yeməyə özünəməxsus dad çaları verə bilər. Hazırlanma üsulu mətbəxdən-mətbəxə dəyişə bildiyindən sifariş verərkən yeməyin konkret tərkibini soruşmaq maraqlı olar.

Ovriştənin cazibəsi ləzzətlərin qarşılaşmasındadır: ətin dolğun dadı ilə meyvənin turşməzə çaları bir araya gəlir. Bu, Şəki mətbəxinin yalnız doyumlu yeməklərlə deyil, dadları bir-birinə uyğunlaşdırmaq bacarığı ilə də seçildiyini göstərir.

Şəki halvası: şirinliyin sənətə çevrildiyi yer

Şəkiyə gəlib halvasının dadına baxmamaq, demək olar ki, səyahətin ən şirin hissəsini yarımçıq qoymaqdır. Şəki halvası adi halva deyil; düyü unundan hazırlanan nazik riştələrin qat-qat düzülməsi, içlik və şərbətlə tamamlanması ilə seçilən, hazırlanması xüsusi ustalıq tələb edən şirniyyatdır.

Halvanın nazik toru xatırladan qatları, qoz-fındıq içliyi və ətirli şərbəti onu həm dad, həm də görünüş baxımından fərqləndirir. Şəkinin şirniyyat dükanlarından birinə baş çəkəndə yalnız hazır məhsulu almaqla kifayətlənməyin — imkan varsa, halvanın hazırlanmasını da izləyin. Bu zaman anlayacaqsınız ki, onun hər qatının arxasında nə qədər diqqət və təcrübə dayanır.

Şəki süfrəsində yerli şirniyyatlarla yanaşı, mürəbbə və pürrəngi çay da öz yerini tutur. Gəzintidən sonra bir fincan çay, yanında bir dilim halva — bəzən xoşbəxtlik üçün bundan artığına ehtiyac qalmır.

Əlbəttə, Şəki mətbəxinin ləzzətləri yalnız bu yeməklərlə bitmir. Restoran və ailəvi yemək məkanlarında menyunu nəzərdən keçirin, yerli sakinlərdən öz sevimli yeməklərini soruşun. Bəzən ən gözəl kəşf əvvəlcədən planlaşdırmadığınız bir təam olur.

Şəkidən nə alaq? Evə aparılan ən gözəl xatirələr

Səyahətin sonuna yaxın insanın ağlına eyni sual gəlir: bu gözəlliyin hansı hissəsini özümlə apara bilərəm? Şəki bu suala həm dadlı, həm də mənalı cavablar verir.

Əgər özünüzə və ya sevdiyiniz birinə xüsusi hədiyyə axtarırsınızsa, kəlağayı ən gözəl seçimlərdən biridir. Rəngini geyimlərinizə, zövqünüzə və istifadə məqsədinizə uyğun seçə bilərsiniz. Alarkən parçanın ipək tərkibi, naxışların hazırlanma üsulu və məhsulun mənşəyi barədə soruşmaq yaxşıdır. Əl işi olan hər kəlağayının özünəməxsusluğu var. Ən əsası isə onu seçərkən yalnız rənginə deyil, sizdə yaratdığı hissə də diqqət yetirin. Süsən kəlağayı dükanında qiymətlər naxışdan və kəlağayının ölçüsündən asılı olaraq 50-300 manat arasında dəyişir.

Şəkinin ən məşhur hədiyyələrindən biri də halvasıdır. Evə qayıdanda ailənizlə bölüşmək, dostlarınızı sevindirmək və səfərin dadını bir az da uzatmaq üçün əla seçimdir. Yola çıxmazdan əvvəl qablaşdırılmasına və saxlanma şəraitinə diqqət edin ki, şirniyyat evə çatanda da öz dadını və görünüşünü qorusun.

Sənətkarlıq dükanlarında şəbəkə üslubunda hazırlanmış kiçik suvenirlər, dekorativ əşyalar, təkəlduz nümunələri, keramika, taxta əl işləri və başqa maraqlı hədiyyələr tapmaq mümkündür. Məsləhətimiz: təkcə ən məşhur suveniri almağa çalışmayın. Emalatxanalara və kiçik dükanlara baş çəkin, sənətkarlarla söhbət edin, əşyanın necə hazırlandığını soruşun. Bəzən onun hazırlanma hekayəsi hədiyyənin özündən də qiymətli olur.

Və unutmayın, Şəkidən mütləq böyük bir əşya ilə qayıtmaq lazım deyil. Bir kəlağayı, bir qutu halva, kiçik bir əl işi və telefonunuzda saxladığınız payız mənzərəsi də bu şəhərin xatirəsini uzun müddət yaşada bilər.

Şəki ilə vidalaşmaq olmur, sadəcə, növbəti görüşə qədər ayrılırsan.

Qeyd: yazı DTA-nin Şəki şəhərinə təşkil etdiyi media-səfər çərçivəsində yaranan təəsüratlar əsasında hazırlanıb

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)