Aİ Booking.com barəsində rəsmi araşdırmaya başlayıb
Avropa İttifaqı (Aİ) onlayn səyahət və yerləşdirmə platforması Booking.com barəsində rəsmi araşdırmaya başlayıb. Araşdırma platformanın saxta elanlara və internet dələduzluğuna qarşı istifadəçiləri kifayət qədər qoruyub-qorumadığını müəyyənləşdirməyə yönəlib.
ENA.az xəbər verir ki, Avropa Komissiyası şirkətin Rəqəmsal Xidmətlər Aktının (DSA) tələblərinə əməl edib-etmədiyini yoxlayacaq. Araşdırma çərçivəsində mövcud olmayan yerləşdirmə obyektlərinin saxta elanları, saxta hesablar və istifadəçilərə göndərilən saxta ödəniş tələbləri ilə bağlı risklər qiymətləndiriləcək.
Komissiya, həmçinin rezervasiya və qonaq məlumatlarının yerləşdirmə obyektləri ilə paylaşılması zamanı yaranan kibertəhlükəsizlik risklərini araşdıracaq. Platformada daha yüksək mövqedə görünmək üçün ödəniş edilən elanların reklam kimi aydın işarələnib-işarələnmədiyi də yoxlanılacaq.
Aİ qaydalarının pozulduğu təsdiqlənərsə, Booking.com qlobal illik dövriyyəsinin 6%-dək məbləğində cərimə ilə üzləşə bilər. Araşdırmanın nəticəsi hələ müəyyən edilməyib.
Booking.com isə Avropa Komissiyası ilə əməkdaşlıq etdiyini və istifadəçilərin təhlükəsizliyi, etimadı və şəxsi məlumatlarının qorunmasının şirkət üçün prioritet olduğunu bildirib.



















