TURİZM

AZAL ilə tranzit uçuşların sayı 15 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Heydər Əliyev Beynəlxalq Aeroportu 5,7 milyon sərnişinə xidmət göstərib.

"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin İdarə Heyətinin sədri Samir Rzayevin sözlərinə görə, Bakı 42 aviaşirkət vasitəsilə 77 istiqamətlə əlaqələnib.

AZAL-ın "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi (AZANS) 282 mindən çox uçuşa xidmət göstərib, tranzit uçuşların sayı isə 15 % artıb.

Həmçinin "Azərbaycan Hava Yolları" QSC (AZAL) bu ilin yanvar-sentyabr aylarında 14,1 min reys həyata keçirərək 3,3 milyona yaxın sərnişinə xidmət göstərib.

Bildirilib ki, onlardan 2,6 milyondan çoxu beynəlxalq istiqamətlər üzrə səyahət edib. Orta yüklənmə faktoru 79 %, punktuallıq göstəricisi isə 81 % təşkil edib. Bakı üzərindən transfer edən sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 29 % artaraq 419 min nəfərə çatıb.

Hesabat dövründə ən intensiv gün 15 avqust olub. Həmin gün rekord sayda - 72 reys həyata keçirilib. Dövrün yekunlarına əsasən, aviaşirkətin müntəzəm marşrut şəbəkəsi 55 istiqaməti əhatə edib.

Bakı–Naxçıvan–Bakı marşrutu üzrə doqquz ay ərzində təxminən 3,2 min reys həyata keçirilib və 650 minə yaxın sərnişinə xidmət göstərilib. Bu marşrut üzrə ən intensiv gün 15 iyun olub və həmin gün 25 reys icra edilib.

Bu ilin 9 ayında AZAL marşrut şəbəkəsinin genişləndirərək Qars, Atırau və Aktöbə şəhərlərinə birbaşa uçuşlara başlayıb. Həmçinin Bakı-Brüssel-Bakı marşrutu üzrə uçuşlara aviabiletlərin satışı başlayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)