Zelenskiy: Rusiya neft emalı zavodlarına hücumları bərpa edəcəyik
Ukrayna Rusiyanın neft emalı zavodlarına hücumları bərpa edəcəyini açıqlayıb.
ENA.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskiy “Financial Times” qəzetinə müsahibəsində Kiyevin ABŞ-ın müraciətinə uyğun olaraq Rusiya ərazisindəki enerji obyektlərinə zərbələri üç gün dayandırdığını, lakin Moskvanın bu müddətdə Ukraynanın enerji infrastrukturuna hücumlarını davam etdirdiyini bildirib.
Zelenskiy enerji obyektlərinə hücumların dayandırılması ilə bağlı moratoriumun artıq qüvvədə olmadığını deyib. Onun sözlərinə görə, Rusiya Ukraynanın enerji infrastrukturuna zərbələri dayandırmadığı üçün Kiyev də hücumlara qoyulan məhdudiyyəti aradan qaldırır.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl Rusiya və Ukraynanın enerji infrastrukturuna qarşılıqlı hücumları dayandırmaq barədə razılığa gəldiyini açıqlamışdı. Vaşinqton bu təşəbbüsün, eləcə də Rusiyadan dizel yanacağının tədarükü ilə bağlı razılaşmanın ABŞ-da yanacaq qiymətlərinin aşağı salınmasına kömək edəcəyini düşünür.
Zelenskiy həmçinin ABŞ-ın Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini məhdudlaşdırmasından və “Starlink” peyk rabitəsi xidmətinin zəiflədilməsindən narazılığını ifadə edib.


















