Birja

Səudiyyə Ərəbistanına hücumlar neftin qiymətini artırıb (14.10.2026)

Dünya bazarlarında neftin qiyməti Yəməndəki husilərlə Səudiyyə Ərəbistanı arasında gərginliyin artması və enerji tədarükünə dair risklərin güclənməsi fonunda yüksəlib.

ENA.az xəbər verir ki, “Brent” markalı neftin fyuçersləri 0,8% bahalaşaraq bir barel üçün 106,58 dollara, ABŞ-ın “WTI” markalı neftinin qiyməti isə 0,9% artaraq 94,94 dollara çatıb.

Səudiyyə Ərəbistanının Energetika Nazirliyi Yəməndəki husilərin ölkənin şərqində yerləşən Dhahran şəhərində dövlətə məxsus “Saudi Aramco” şirkətinin inzibati binasına hücum etdiyini və ərazidə məhdud yanğın baş verdiyini bildirib. Son günlər Səudiyyə Ərəbistanının hava limanları və enerji infrastrukturu da hücumların hədəfinə çevrilib.

“Nissan Securities Investment” şirkətinin baş strateqi Hiroyuki Kikukavanın sözlərinə görə, husilərlə Səudiyyə Ərəbistanı arasındakı qarşıdurma neft tədarükü ilə bağlı narahatlıqları artıraraq qiymətlərə yüksəldici təsir göstərir. Bununla yanaşı, Rusiyanın dizel ixracını artıracağı gözləntisi bazardakı təklif çatışmazlığını qismən azalda bilər. Strateq “WTI” neftinin bir barel üçün 90–100 dollar diapazonunda ticarət olunacağını gözləyir.

OPEC-in məlumatına görə, Səudiyyə Ərəbistanı daşınmalardakı fasilələrə baxmayaraq, sentyabrda neft hasilatını artırıb. Bununla belə, Yaxın Şərqdəki hücumlar və Hürmüz boğazında gəmiçilik üçün yaranan təhlükələr qlobal enerji bazarında qeyri-müəyyənliyi qoruyur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)