Çinin XİN başçısı yeddi il ərzində ilk dəfə Azərbaycana səfər edəcək
Çinin xarici işlər naziri Van İ Azərbaycana səfər edəcək.
ENA.az xəbər verir ki, bu barədə bu gün baş tutan brifinqdə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mao Nin bildirib.
Onun sözlərinə görə, Van İ Bakıda Çin sədri Si Cinpinin xüsusi nümayəndəsi qismində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak edəcək.
"Çinin xarici işlər naziri Van İ oktyabrın 15-də Çin sədri Si Cinpinin xüsusi nümayəndəsi qismində Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Sammitində iştirak edəcək. Oktyabrın 14-dən 20-dək Van İ həmçinin Azərbaycana, Xorvatiyaya, Monteneqroya və Bolqarıstana səfər edəcək", - Mao Nin bildirib.
O vurğulayıb ki, bu, xarici işlər naziri Van İ-nin son yeddi il ərzində Azərbaycana ilk rəsmi səfəri olacaq:
"Çinin XİN rəhbəri xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar aparacaq. Hesab edirik ki, bu səfər iki dövlətin başçıları tərəfindən əldə edilmiş mühüm ümumi razılaşmaların tam şəkildə həyata keçirilməsinə kömək edəcək və müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıqda yeni nəticələrə gətirib çıxaracaq".



















