Si Cinpin ABŞ-yə səfərə gəlib, Tramp onu hərbi bazada qarşılayıb
Çin Xalq Respublikasının sədri Si Cinpin sentyabrın 23-də ABŞ-a dövlət səfərinə gəlib.
ENA.az xəbər verir ki, Çin liderinin təyyarəsi Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasına yerli vaxtla saat 17:39-da enib.
Si Cinpini təyyarənin trapında ABŞ Prezidenti Donald Tramp qarşılayıb.
Təyyarənin qarşısında qırmızı xalça sərilib, onun hər iki tərəfində ABŞ hərbçiləri parad formasında düzülüb. Donald Tramp və Si Cinpin bir-birinin əlini sıxıb və bir neçə dəqiqə söhbət ediblər.
Daha sonra hərbi orkestr Çin və ABŞ-ın dövlət himnlərini ifa edib. Ardınca artilleriya yaylımı həyata keçirilib. Hava bazasının üzərindən ABŞ hərbi təyyarələri, o cümlədən B-1 bombardmançıları uçub.
Donald Tramp və ABŞ-ın birinci xanımı Melaniya Tramp Si Cinpin və onun həyat yoldaşı Pen Liyuanı avtomobilə qədər müşayiət edib. Daha sonra ABŞ Prezidenti və birinci xanım helikopterlə hava bazasından ayrılıblar.
Ağ Evin mətbuat xidmətinin məlumatına görə, hava limanının uçuş-enmə zolağında altı F-16 və altı F-22 qırıcısı da yerləşdirilib.
Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, Si Cinpinin ABŞ-a dövlət səfəri sentyabrın 23-dən 25-dək davam edəcək. Qeyd edək ki, Donald Tramp mayın 13-15-də Çinə səfər edib.


















