AMB-dən banklara yeni siqnal: Pul bazarında 6,3 milyard manatlıq likvidlik nə deyir?
Uçot dərəcəsi dəyişmədi, amma faiz dəhlizinin aşağı həddi endirildi – Mərkəzi Bank bankları bir-biri ilə daha fəal pul alıb-satmağa sövq etmək istəyir. Azərbaycan Mərkəzi Bankının 23 sentyabr qərarında ilk baxışdan diqqəti çəkən rəqəm dəyişməyən 6,5%-lik uçot dərəcəsidir. Amma qərarın maliyyə bazarı baxımından daha maraqlı hissəsi başqa yerdədir: faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi azaldılaraq 5%-ə endirilib, yuxarı hədd isə 7,5%-də saxlanılıb. Beləliklə, faiz dəhlizi 5%-7,5% aralığına genişlənib.
Bu, klassik mənada uçot dərəcəsinin endirilməsi deyil. Mərkəzi Bank açıq şəkildə bildirir ki, aşağı həddin salınmasının məqsədi bank sistemində yaranmış izafi likvidlik şəraitində banklararası pul bazarında ticarəti canlandırmaq, həmçinin Mərkəzi Bankın pul bazarında iştirak səviyyəsini azaltmaqla bankları bir-birləri arasında daha aktiv əməliyyatlara sövq etməkdir. Başqa sözlə, AMB-nin bank sektoruna mesajı belə oxuna bilər: “Sistemdə pul çoxdur. Bu pulu Mərkəzi Bankda saxlamaq əvəzinə banklar bir-birləri ilə daha fəal işlətməlidirlər.”
Bank sistemində 6,3 milyard manatlıq “artıq pul” var
Qərarın arxasındakı əsas rəqəm 6,3 milyard manatdır. Mərkəzi Bankın məlumatına görə, məcburi ehtiyatlar nəzərə alınmadan bank sektorunun struktur likvidlik profisiti avqustun sonunda 6,3 milyard manata çatıb. Bu göstərici 2025-ci ilin dekabrı ilə müqayisədə 2,2 dəfə artıb. Struktur likvidlik profisiti sadə dillə desək, bank sistemində Mərkəzi Bank qarşısında olan öhdəliklərlə banklara olan tələblər arasındakı fərqdən formalaşan artıq likvidliyi göstərir. Burada mühüm məqam odur ki, bank sistemində likvidliyin çox olması öz-özlüyündə problem deyil. Əksinə, bankların öhdəliklərini rahat yerinə yetirməsi və maliyyə sabitliyi baxımından müsbət amildir.
Amma likvidliyin böyük hissəsi real iqtisadiyyata kredit, qiymətli kağız və ya banklararası əməliyyatlar vasitəsilə yönəlmək əvəzinə passiv şəkildə sistemdə qalırsa, pul bazarının işləmə mexanizmi baxımından başqa sual yaranır: Bu qədər pul niyə dövr etmir? Məhz faiz dəhlizinin aşağı həddinin dəyişdirilməsi bu sual kontekstində maraq qazanır.
Niyə məhz aşağı hədd 5%-ə salındı?
Faiz dəhlizinin aşağı həddi bankların Mərkəzi Bankla müəyyən əməliyyatlarının faiz şərtləri baxımından mühüm göstəricidir. İndi bu hədd 5%-dir. Uçot dərəcəsi isə 6,5% olaraq qalır. Yuxarı hədd də 7,5%-dir. Burada Mərkəzi Bank uçot dərəcəsini dəyişməməklə pul siyasətinin əsas siqnalını qoruyur. Yəni inflyasiya ilə bağlı mövqeyində kəskin yumşalma mesajı vermir. Eyni zamanda aşağı həddi endirməklə banklararası bazarda faizlərin daha aşağı səviyyələrdə formalaşmasına və bankların öz aralarında likvidlik mübadiləsinə stimul yaratmağa çalışır. AMB-nin açıqlamasında da vurğulanır ki, uçot dərəcəsinin və yuxarı həddin sabit saxlanılması inflyasiya gözləntilərinin stabilləşdirilməsinə xidmət edir. Deməli, qərara görə inflyasiya siqnalı dəyişmir, likvidliyin bazar daxilində hərəkəti üçün şərait dəyişir.
Banklararası bazarda faizlər artıq aşağı düşür
Maraqlıdır ki, bu qərardan əvvəl də banklararası bazarda faizlərin aşağı istiqamətdə hərəkəti müşahidə olunub. AMB-nin məlumatına görə, təminatsız pul bazarında əsas göstəricilərdən biri olan AZIR üzrə orta günlük faiz iyulda – 6,39%, avqustda – 6,28%, sentyabrın ötən dövründə – 6,02% olub. Yəni bazarın özündə də faizlərin aşağı istiqamətdə hərəkəti başlayıb. Bunun əsas səbəblərindən biri bank sistemində likvidliyin yüksək olmasıdır.
Əgər bir bankın artıq likvidliyi varsa və digər bankın likvidliyə ehtiyacı yaranırsa, normal bazar mexanizmində onlar bir-birləri ilə daha çox əməliyyat aparmalıdırlar. Sistemdə böyük həcmdə artıq vəsait olduqda bankların Mərkəzi Bankın alətlərindən istifadə etməsi daha cəlbedici ola bilər. AMB-nin indiki qərarı məhz bu davranışın dəyişdirilməsinə hesablanıb.
Mərkəzi Bank bazardan bir qədər geri çəkilir
Qərarın ən maraqlı tərəflərindən biri də budur. AMB açıq şəkildə bildirir ki, dəhlizin genişləndirilməsi Mərkəzi Bankın pul bazarında iştirak səviyyəsini azaltmaqla bankların öz aralarında daha aktiv əməliyyatlar aparmasına sövq edəcək. Bu, maliyyə bazarının inkişafı baxımından əhəmiyyətli mesajdır.
Uzunmüddətli perspektivdə banklararası pul bazarının daha dərin olması o deməkdir ki, bankların gündəlik likvidlik ehtiyaclarını tənzimləmək üçün Mərkəzi Bankın əməliyyatlarından asılılığı nisbətən azalır. Belə bazarda faiz daha çox tələb və təklif əsasında formalaşır. Bu isə pul siyasətinin ötürülmə mexanizmini də gücləndirə bilər.
Bəs bu, kredit faizlərinin ucuzlaşması deməkdirmi?
Burada ən çox veriləcək sual budur. Cavab isə avtomatik olaraq “yox”. Aşağı həddin 5%-ə salınması birbaşa olaraq istehlak və biznes kreditlərinin faizlərinin 0,5 faiz bəndi azalacağı anlamına gəlmir. Çünki bank kreditinin qiymətinə yalnız Mərkəzi Bankın faizləri təsir etmir.
Bank üçün depozitlərin qiyməti, kredit riskləri, kapitalın dəyəri, əməliyyat xərcləri, problemli kreditlər, likvidlik vəziyyəti, rəqabət, kreditə olan tələb də mühüm rol oynayır. Amma başqa bir təsir vasitəsi vardır. Belə ki, əgər banklararası bazarda likvidlik daha aktiv şəkildə bölüşdürülərsə və qısamüddətli maliyyələşmə daha aşağı faizlə mümkün olarsa, bu, bankların ümumi likvidlik idarəetmə xərclərinə təsir göstərə bilər. Bu təsirin kredit faizlərinə keçib-keçməyəcəyini isə qarşıdakı aylarda müşahidə etmək mümkün olacaq.
Depozit bazarı üçün də maraqlı siqnaldır
Qərarın digər tərəfi depozit bazarıdır. Bankların artıq likvidliyinin artması və qısamüddətli pul bazarı faizlərinin aşağı düşməsi bankların vəsait cəlb etmə strategiyasına təsir göstərə bilər. Əgər banklar likvidliyi daha rahat şəkildə banklararası bazardan əldə edə bilirlərsə, onların hər bir əlavə manat üçün yüksək qiymətli depozit cəlb etmək ehtiyacı müəyyən qədər azala bilər. Bu isə gələcəkdə depozit faizləri üzərində də təzyiq yarada bilər. Amma bankların depozit siyasəti yalnız likvidliklə deyil, bazarda müştəri uğrunda rəqabətlə və kredit portfelinin böyümə planları ilə də müəyyən olunur.
AMB-nin manata dair mövqeyi də diqqətçəkəndir
Qərarın vaxtı da təsadüfi deyil. Mərkəzi Bank bildirir ki, 2026-cı ilin səkkiz ayında valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib. Mübadilə məntəqələrinin xarici valyutanı müştərilərdən alış həcmi satışdan 673 milyon dollar çox olub. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 3,7 faiz bəndi azalaraq 25,8%-ə düşüb.
Eyni zamanda Mərkəzi Bankın valyuta ehtiyatları ilin ilk səkkiz ayında 32,9% artaraq 15,3 milyard dollara çatıb və tarixi maksimuma yüksəlib. Yəni Mərkəzi Bank faiz dəhlizinin aşağı hissəsində yumşalma etsə də, bu qərar manatın məzənnəsi ilə bağlı ayrıca yumşaq pul siyasəti mesajı kimi görünmür. Əksinə, AMB həm valyuta bazarında təklifin güclü olduğunu, həm də inflyasiyanın hədəf diapazonunda qaldığını vurğulayır. Bu səbəbdən uçot dərəcəsinin 6,5%-də saxlanılması başadüşüləndir: AMB aşağı həddi dəyişməklə likvidlik problemini həll etməyə çalışır, amma əsas faiz dərəcəsini dəyişməklə daha geniş monetar siqnal vermir.
Əsas sual bundan sonra başlayır
AMB-nin qərarının real nəticəsini qiymətləndirmək üçün növbəti aylarda üç göstəriciyə xüsusi diqqət yetirmək lazım olacaq:
1. AZIR hansı istiqamətdə hərəkət edəcək?
Əgər faizlər aşağı həddə doğru yaxınlaşarsa, banklararası bazarda likvidliyin bölüşdürülməsi mexanizminin daha aktiv işlədiyini göstərə bilər.
2. Banklararası əməliyyatların həcmi artacaqmı?
Bu, qərarın əsas məqsədinə nə dərəcədə nail olduğunu göstərəcək.
3. Bu dəyişiklik kredit və depozit faizlərinə keçəcəkmi?
Beləliklə, son nəticədə pul bazarındakı dəyişikliklərin biznes və əhali üçün əhəmiyyəti onların maliyyələşmə şərtlərinə necə təsir etməsindən asılıdır. Burada əsas məsələ bankların bir-birinə nə qədər pul verəcəyidir. Çünki Azərbaycanın pul bazarında növbəti mərhələnin əsas göstəricisi artıq yalnız uçot dərəcəsi deyil, banklararası bazarın nə qədər dərin və aktiv olacağıdır.

















