Bank

24 min bildiriş, 56 milyon axtarış: Azərbaycan biznesi kredit üçün artıq nəyini girov qoyur?

Azərbaycanın maliyyə bazarında diqqətdən kənarda qala biləcək, amma biznesin maliyyəyə çıxışı baxımından mühüm siqnal verən bir statistika var. Mərkəzi Bankın 2026-cı ilin iyul ayı üzrə Statistik Bülletenində daşınar əmlaka dair Reyestrdə qeydə alınan yüklülüklərlə bağlı göstəricilər açıqlanıb. Rəqəmlər göstərir ki, bu mexanizmə maraq son bir ildə nəzərəçarpacaq dərəcədə artıb.

Təkcə 2026-cı ilin iyulunda Reyestrə 24 061 bildiriş daxil edilib. Bir il əvvəl, 2025-ci ilin iyulunda bu göstərici 15 269 idi. Yəni bir il ərzində artım 57,6% təşkil edib.

Daha geniş dövrə baxanda mənzərə daha da diqqətçəkəndir: 2026-cı ilin ilk yeddi ayında Reyestrə 141 586 bildiriş daxil edilib. 2025-ci ilin eyni dövründə bu rəqəm 101 083 idi. Beləliklə, illik artım 40,1%-ə çatıb. 2024-cü ilin ilk yeddi ayında isə göstərici 66 395 olmuşdu. Başqa sözlə, iki il ərzində yanvar-iyul dövründə Reyestrdə qeydə alınan bildirişlərin sayı iki dəfədən çox artıb.

Burada söhbət sadəcə bir statistik göstəricidən getmir. Bu rəqəmlər Azərbaycanın maliyyə sistemində daşınar aktivlərin kredit təminatı kimi istifadəsinin genişlənməsi ehtimalını ortaya qoyur.

Girov artıq yalnız bina və torpaq deyil

Ənənəvi bank kreditləşməsində sahibkar üçün əsas problem çox vaxt təminat məsələsidir. Şirkətin yaxşı biznes ideyası, dövriyyəsi, sifarişləri və gəlir potensialı ola bilər. Lakin bank qarşısında kifayət qədər daşınmaz əmlak təminatı yoxdursa, kreditə çıxış çətinləşə bilər. Daşınar əmlak üzrə yüklülük mexanizmi məhz bu problemin həllində mühüm rol oynaya bilər.

Mərkəzi Bankın öz açıqlamasında qeyd olunur ki, Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin yaradılmasında məqsədlərdən biri sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və daşınar aktiv əsaslı maliyyələşmə ekosisteminin inkişaf etdirilməsidir.

Burada vacib məqam budur ki, sahibkarın girov kimi təqdim edə biləcəyi aktiv mütləq bina və ya torpaq olmamalıdır.

Mərkəzi Bankın əvvəlki açıqlamalarına görə, Reyestrdə ən çox istifadə edilən kateqoriyalar arasında bank hesabları, zinət əşyaları, dövriyyədə olan mallar, mebellər, heyvanlar və avadanlıqlar da yer alıb. 2023-cü ilin sonunda daşınar əmlak əsaslı yüklülük müqavilələrinin sayı artıq 200 mini keçmişdi. Bu isə xüsusilə KOB-lar üçün əhəmiyyətlidir.

Çünki kiçik və orta biznesin aktivlərinin əhəmiyyətli hissəsi bəzən daşınmaz əmlakda deyil, avadanlıqda, mal ehtiyatlarında, nəqliyyat vasitələrində, bank hesablarındakı vəsaitlərdə və digər dövriyyə aktivlərində formalaşır.

Əsl sıçrayış 2026-cı ildə başlayıb

Statistikaya ardıcıl baxanda artımın təsadüfi olmadığı görünür. 2025-ci ilin bütün ili ərzində Reyestrə 188 876 bildiriş daxil edilmişdi. 2026-cı ilin cəmi yeddi ayında isə artıq 141 586 bildiriş qeydə alınıb. Deməli, ilin ilk yeddi ayında 2025-ci ilin illik göstəricisinin təxminən 75%-i artıq toplanıb. Əgər ilin qalan aylarında dinamika ciddi şəkildə zəifləməsə, 2026-cı ilin yekun göstəricisinin ötən ilin nəticəsini əhəmiyyətli şəkildə üstələməsi mümkündür. Lakin burada da ehtiyatlı olmaq lazımdır: bildirişlərin sayı birbaşa verilmiş kreditlərin sayı demək deyil.

Çünki AMB-nin metodoloji izahına əsasən, bildiriş anlayışına daşınar əmlaka yüklülüyün yaranması ilə yanaşı, yüklülüyə dəyişiklik edilməsi, onun xitamı və yüklülüyə etirazla bağlı qeydlər də daxildir. Yəni 141 586 bildiriş = 141 586 kredit deyil. Amma trendin özü maliyyə bazarı üçün kifayət qədər maraqlıdır.

Ən böyük sirr isə 56 milyonluq axtarışdır

Bülletendə daha bir rəqəm var ki, ilk baxışdan bildirişlərdən belə daha maraqlı görünür. 2026-cı ilin ilk yeddi ayında Reyestr üzrə axtarışların sayı 56,4 milyon olub. Təkcə iyul ayında 10,637 milyon axtarış qeydə alınıb.

Bu göstəricini “56 milyon sahibkar kredit axtarır” kimi şərh etmək isə doğru olmaz. Çünki AMB bu göstəricini Reyestrə daxil edilmiş bildirişlər üzrə edilmiş axtarışların sayı kimi izah edir. Başqa sözlə, söhbət Reyestr məlumatlarının yoxlanılması və axtarışlarından gedir. Burada başqa bir maraqlı sual yaranır: Nə üçün bu sistemdə axtarışların sayı belə yüksəkdir?

Bu sualın cavabı maliyyə sektorunda daşınar aktivlərin kredit təminatı kimi istifadəsinin nə qədər dərinləşdiyini göstərmək baxımından vacib ola bilər. Çünki kreditor üçün əsas məsələlərdən biri yalnız aktivin mövcudluğu deyil, onun üzərində əvvəldən başqa yüklülüyün olub-olmamasını bilməkdir. Reyestrin əsas funksiyalarından biri də məhz bu məlumatın şəffaflaşdırılmasıdır.

Banklar üçün də yeni imkan yaranır

Daşınar əmlak üzrə yüklülük sisteminin inkişafı yalnız sahibkar üçün əlavə kredit imkanı demək deyil. Bu, bank üçün də risklərin qiymətləndirilməsi mexanizminin genişlənməsi deməkdir. Əgər bank sahibkarın yalnız daşınmaz əmlakına deyil, onun avadanlığına, mal ehtiyatlarına, bank hesablarına, nəqliyyat vasitələrinə, digər daşınar aktivlərinə dair hüquqi cəhətdən tanınan və yoxlanıla bilən təminat əldə edə bilirsə, kreditləşmənin əhatə dairəsi də genişlənə bilər.

Mərkəzi Bank da Reyestrin məhz daşınar aktiv əsaslı maliyyələşməni stimullaşdırmaq və sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışını artırmaq məqsədi daşıdığını bildirir. Bu baxımdan 2026-cı ilin statistikası bank sektorunda kreditləşmənin yalnız həcm baxımından deyil, təminat modelinə görə də dəyişə biləcəyinə işarə edir.

Bu, xüsusilə KOB-lar üçün niyə vacibdir?

Mərkəzi Bankın məlumatına görə, iyulun sonunda Azərbaycanda bankların biznes kredit portfeli 17,33 mlrd manat təşkil edib. Onun 9,27 mlrd manatı iri, 2,36 mlrd manatı orta, 1,83 mlrd manatı kiçik, 3,87 mlrd manatı isə mikro sahibkarlıq subyektlərinin payına düşüb. Bu struktur göstərir ki, biznes kreditləşməsində iri sahibkarlığın payı hələ də böyükdür. Eyni zamanda mikro və kiçik biznes üçün maliyyə resurslarına çıxış məsələsi xüsusi əhəmiyyət daşıyır.

Məhz buna görə daşınar əmlakın kredit təminatı kimi daha geniş istifadəsi KOB maliyyələşməsində əhəmiyyətli dəyişiklik yarada bilər. Məsələn, kiçik istehsal müəssisəsinin əsas dəyəri zavod binasında deyil, istehsal avadanlığında ola bilər. Ticarət şirkətinin əsas aktivlərindən biri anbarındakı mal ehtiyatlarıdır.

Kənd təsərrüfatı sahibkarı üçün isə heyvanlar, texnika və digər aktivlər daha böyük iqtisadi dəyər daşıya bilər. Əgər bu aktivlər maliyyələşmə üçün daha rahat istifadə olunursa, sahibkarın bankdan kredit almaq üçün mütləq daşınmaz əmlak təqdim etməsi ehtiyacı azala bilər.

Amma bir risk də var

Daşınar aktivlərin girov kimi istifadəsinin genişlənməsi avtomatik olaraq “kreditlər daha əlçatan olacaq” demək deyil. Bank üçün əsas məsələ girovun sadəcə mövcud olması yox, onun dəyərinin düzgün müəyyənləşdirilməsi, hüquqi statusunun aydınlığı və problem yarandıqda realizasiya imkanının olmasıdır. Məsələn, daşınmaz əmlakdan fərqli olaraq bəzi daşınar aktivlərin dəyəri daha sürətlə dəyişə bilər. Avadanlıq köhnələ bilər. Mal ehtiyatlarının qiyməti dəyişə bilər. Bəzi aktivlərin satılması isə daşınmaz əmlak qədər asan olmaya bilər. Deməli, Reyestrin genişlənməsi ilə yanaşı, qiymətləndirmə, risklərin idarə edilməsi və girovun realizasiyası mexanizmlərinin də inkişafı vacib olacaq.

Böyük sual: bu, kredit bazarını dəyişə bilərmi?

Azərbaycan bank sektorunda kredit portfeli iyulun sonunda 32,1 mlrd manata çatıb. Bunun 17,33 mlrd manatı biznes kreditlərinin payına düşür. Eyni zamanda bankların depozit portfeli 40,39 mlrd manatdır. Belə bir bazarda daşınar aktivlərin maliyyələşmədə daha fəal istifadə olunması kredit bazarının növbəti inkişaf mərhələlərindən biri ola bilər.

Bu səbəbdən Reyestrdəki statistikanı yalnız texniki göstərici kimi qiymətləndirmək düzgün olmaz. 2024-cü ilin ilk yeddi ayında 66,4 min olan bildiriş sayı 2026-cı ilin ilk yeddi ayında 141,6 minə yüksəlib. İki il ərzində artım 113%-dən çoxdur. Bu rəqəm göstərir ki, Azərbaycan biznesi maliyyəyə çıxış üçün istifadə etdiyi təminat alətlərinin dairəsini genişləndirir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)