Fransada Renuar muzeyindən 4 rəsm əsəri oğurlandı – zərər 9 milyon avro qiymətləndirilir
Fransanın Kann-sür-Mer şəhərində yerləşən rəssam Ogüst Renuarın muzeyindən 4 rəsm əsəri oğurlanıb. ENA xarici mediaya istinadən xəbər verir ki, hadisə sentyabrın 8-də səhər saatlarında baş verib. Muzeyin siqnalizasiya sistemi saat 06:00 radələrində işə düşüb. Təhlükəsizlik kameralarının görüntülərində iki şəxsin muzeyə daxil olaraq rəsmləri kəsib götürdüyü əks olunub.
Oğrular qaçarkən əsərlərdən birini atıblar. Digər üç rəsm əsəri isə oğurlanıb. Kann-sür-Mer meriyası oğurlanan sənət əsərlərinin ümumi dəyərini təxminən 9 milyon avro qiymətləndirib.Hazırda oğurlanan əsərlərin konkret olaraq hansı rəssamlara məxsus olduğu açıqlanmayıb. Muzeydə Renuarın 13 əsəri ilə yanaşı, Aristid Mayol, Pyer Bonnar və Raul Dufinin də əsərləri nümayiş etdirilir. Buna görə oğurlanan əsərlərin hamısının Renuara aid olub-olmadığı hələlik məlum deyil.
Renuarın son illərini keçirdiyi məkandır
Renuar Muzeyi rəssamın həyatının son dövrü ilə bağlı xüsusi əhəmiyyət daşıyır. Rəssam 1907-ci ildə Les Collettes malikanəsini satın alıb və burada villa və iki emalatxana yaradıb. O, ömrünün son illərini məhz burada keçirib. Malikanədə Renuarla yanaşı, Anri Matiss, Pablo Pikasso, Amedeo Modilyani və Klod Mone kimi məşhur rəssamlar da olub. Renuar 1919-cu ildə vəfat edib, onun yaşadığı evdə muzey isə 1960-cı ildə açılıb.
Fransada muzeylərə qarşı oğurluqlar davam edir
Renuar muzeyində baş verən hadisə Fransada sənət əsərlərinin muzeylərdən oğurlanması ilə bağlı son hadisələrdən biridir. 2025-ci ilin oktyabrında dünyanın ən məşhur muzeylərindən biri olan Luvrda da oğurluq baş vermişdi. Həmin hadisə zamanı imperator kolleksiyasından, o cümlədən Napoleon və onun həyat yoldaşı Jozefinaya məxsus zinət əşyalarından 9 eksponat oğurlanmışdı.


















