BFB BƏƏ-nin "Tabadul" rəqəmsal platformasına qoşulmağa hazırlaşır
"Bakı Fond Birjası" QSC (BFB) gələn ilin əvvəlində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Fond Birjasına məxsus "Tabadul" rəqəmsal platformasına qoşulmağı planlaşdırır.
Bunu BFB-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda yerli brokerlərin platformaya qoşulması test edilir: "Müəyyən qədər texniki qoşulmalar icra səviyyəsindədir. Hələ ki bir nəticə olmadığı üçün dəqiq bir söz deyə bilmirəm. Ancaq ilin sonuna qədər istəyirik ki, ən azından baza testlərini yekunlaşdıraq. Gələn ilin əvvəlində birinci ticarətin olmasını, yəni "Go Live"ı mümkün qədər tezləşdirməyə çalışırıq".
R.Xəlilov əlavə edib ki, qanunvericiliklə bağlı müəyyən məsələlər öz həllini tapmalıdır: "Qanunla "remote broker" ölkədə olmasa, burada nümayəndəlik olmasa ticarət edə bilməz. O məsələyə hələ ki baxırıq, yəqin ki, qanunda dəyişiklik olandan sonra mümkün olacaq. Amma bizim brokerin orada ticarət etməsi üzərində testlər davam edir".


















