Bank

Fransanın bankı kiberhücuma məruz qalıb: müştərilərə maliyyə itkisi olmayacağı vəd edilir

Fransanın Crédit Mutuel Arkéa bankı kiberhücuma məruz qaldığını və bu hücum nəticəsində saxta maliyyə əməliyyatlarının həyata keçirildiyini açıqlayıb. Bank müştərilərinin heç bir maliyyə itkisi ilə üzləşməyəcəyini bildirir.

Fransanın qərbində, Bretan bölgəsində yerləşən bank hücumun öz əməkdaşları tərəfindən aşkarlandığını və hazırda vəziyyətin nəzarət altına alındığını bildirib.

Bank rəhbərliyi əməliyyatların təhlükəsizliyini təmin etmək və yeni saxta pul köçürmələrinin qarşısını almaq məqsədilə bəzi əməliyyatların müvəqqəti dayandırılması barədə qərar qəbul edib.

Regional Le Télégramme qəzetinin məlumatına görə, hücum nəticəsində 133 milyon dollar (118 milyon avro) vəsait oğurlanıb. Bank bu rəqəmi təsdiqləməyib. Bununla belə, Fransanın digər nəşri Le Parisienə verilən məlumata əsasən, bəzi vəsaitlər dondurulub və hadisə ilə bağlı maliyyə itkisinin ümumi məbləği hələ dəqiqləşdirilir.

Dələduzluq faktını ilk dəfə kriptovalyuta əməliyyatlarını izləmək üzrə ixtisaslaşmış müstəqil araşdırmaçı ZachXBT ictimailəşdirib.

AFP agentliyinin məlumatına görə, ZachXBT oğurlanmış vəsaitlərin kriptovalyuta birjalarında açılmış bir neçə hesab vasitəsilə köçürüldüyünü bildirib.

Bank qeyd edib ki, müvəqqəti dayandırılmış əməliyyatlar yekun təhlükəsizlik yoxlamaları və müvafiq tədbirlər başa çatdıqdan sonra qısa müddətdə bərpa ediləcək.

Crédit Mutuel Arkéa kiberhücumun hansı üsulla həyata keçirildiyini açıqlamayıb və hadisənin arxasında kimin dayana biləcəyi barədə məlumat verməyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)