Yaxın Şərqdə sülh danışıqları neftin qiymətinə təsir edir (03.11.2026)
Dünya bazarlarında neft qiymətləri əvvəlki sessiyada təxminən 8% ucuzlaşdıqdan sonra sabitləşib. ABŞ və İran arasında danışıqların davam etdirilməsi ilə bağlı açıqlamalar bazarda qiymətlərin enməsinə səbəb olsa da, Yaxın Şərqdə gərginlik yenidən bahalaşma riskini gündəmdə saxlayır.
ENA.az xəbər verir ki, qlobal neft bazarının etalon markası olan “Brent”in bir bareli təxminən 105 dollar ətrafında ticarət olunur. ABŞ-ın WTI markalı xam nefti isə əvvəlki gün son üç ayın ən kəskin enişini qeydə aldıqdan sonra 97 dollar səviyyəsindən aşağıda qalıb.
Qiymətlərin ucuzlaşmasına ABŞ və İran arasında sülh danışıqlarının davam etdirilməsi ilə bağlı müsbət siqnallar təsir göstərib. İran Prezidenti hökumətə danışıqlar aparmaq üçün ölkənin ali rəhbərliyi tərəfindən daha geniş səlahiyyət verildiyini açıqlayıb. ABŞ Prezidenti Donald Tramp da danışıqlarda irəliləyiş olduğunu bildirib.
Bununla belə, bölgədə hərbi gərginlik səngiməyib. “The Wall Street Journal”ın ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, ABŞ bazar ertəsi Hörmüz boğazında yerləşən İranın Keşm adasına zərbələr endirib. İranın rəsmi xəbər agentliyi də adada beş partlayış baş verdiyini bildirib.
Kolumbiya Universitetinin tədqiqatçısı Karen Yanq hesab edir ki, bölgədə gərginliyin yüksək olduğu şəraitdə neft qiymətlərində belə kəskin eniş qeyri-adi görünür. Onun fikrincə, ABŞ və İsrailin İrana qarşı hücumları intensivləşərsə, qiymətlər yenidən yüksələ bilər.
Bazar ertəsi neftdəki ucuzlaşma digər enerji bazarlarına da təsir edib. Avropada təbii qaz fyuçersləri təxminən 9% geriləyib, ABŞ-da isə istilik yanacağının qiymətləri son altı ayın ən kəskin enişini yaşayıb.

















