Daha sağlam duz ürək xəstəlikləri və insultdan milyonlarla insanın həyatını xilas edə bilər – Tədqiqat
Kaliumla zənginləşdirilmiş duza keçid hər il dünyada təxminən 3 milyon ölümün və ürək-damar, eləcə də böyrək xəstəliklərinin 10 milyondan çox yeni halının qarşısını ala bilər. Yeni araşdırmanın müəllifləri bunun yüksək qan təzyiqi ilə mübarizədə nisbətən ucuz və effektiv üsul ola biləcəyini bildirirlər.
Avstraliyadakı Corc Qlobal Sağlamlıq İnstitutunun (The George Institute for Global Health) tədqiqatçıları tərəfindən aparılan araşdırmada 193 ölkədə kaliumla zənginləşdirilmiş duza keçidin mümkün sağlamlıq faydaları qiymətləndirilib.
Alimlərin hesablamalarına görə, dünyada adi xörək duzunun bu alternativlə tam əvəzlənməsi hər il təxminən 2,96 milyon ölümün, eləcə də ürək-damar və xroniki böyrək xəstəliklərinin 10,17 milyon yeni halının qarşısını ala bilər.
Tədqiqatın baş müəlliflərindən biri, Corc İnstitutunun professoru Bryus Nil bildirib ki, natriumun həddindən artıq, kaliumun isə kifayət qədər qəbul edilməməsi yüksək qan təzyiqinin məlum səbəblərindəndir. Yüksək təzyiq isə insult, infarkt və böyrək xəstəlikləri kimi həyati təhlükəli problemlər üçün əsas risk faktorlarından sayılır.
Kaliumla zənginləşdirilmiş duz adi duzdan nə ilə fərqlənir?
Kaliumla zənginləşdirilmiş duz adi xörək duzundakı natrium xloridin bir hissəsinin kalium xloridlə əvəz edilməsi yolu ilə hazırlanır. Bu məhsulu bəzi mağazalarda və onlayn satış platformalarında tapmaq mümkündür.
Görünüşü, dadı və yemək bişirərkən istifadəsi baxımından adi duza bənzəyir. Lakin onun əsas üstünlüyü yüksək qan təzyiqi ilə əlaqəli iki qidalanma problemini eyni vaxtda azaltmağa kömək etməsidir: həddindən artıq natrium qəbulu və kalium çatışmazlığı.
Bryus Nilin sözlərinə görə, kaliumla zənginləşdirilmiş duza keçid bu iki problemin hər ikisinə təsir göstərərək əhəmiyyətli sağlamlıq faydaları yarada bilər.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, dünyada 30–79 yaş arası hər üç yetkin insandan təxminən birində, ümumilikdə 1,4 milyard insanda yüksək qan təzyiqi var.
Ürək-damar xəstəlikləri isə dünyada ölüm və əlilliyin əsas səbəbi olaraq qalır. 2023-cü ildə bu xəstəliklər 19,2 milyon insanın ölümünə səbəb olub.
Duza qismən keçid də milyonlarla insanın həyatını xilas edə bilər
Tədqiqatçılar bir neçə ssenarini qiymətləndiriblər. Bunlara evdə yemək bişirərkən istifadə olunan duzun, emal olunmuş qidalarda və restoran yeməklərindəki duzun əvəzlənməsi, həmçinin artıq yüksək qan təzyiqi diaqnozu qoyulmuş və ya müalicə alan insanların bu duzdan istifadəsi daxildir.
Araşdırma göstərib ki, hətta qismən keçid də əhəmiyyətli nəticələr verə bilər.
Hesablamalara görə:
-
Evdə istifadə olunan duzun əvəzlənməsi hər il təxminən 1,85 milyon ölümün, ürək-damar və böyrək xəstəliklərinin 6,19 milyon yeni halının qarşısını ala bilər.
-
Emal olunmuş qidalarda və restoran yeməklərində istifadə edilən duzun dəyişdirilməsi isə əlavə olaraq 1,56 milyon ölümün və 5,46 milyon xəstəlik halının qarşısını almaq potensialına malikdir.
Araşdırmanın müəlliflərindən Bryus Nil qeyd edib ki, Avropa və Şimali Amerikada insanların qəbul etdiyi duzun 70 faizindən çoxu evdə yeməklərə əlavə edilən duzdan deyil, emal olunmuş məhsullardan və restoran yeməklərindən qaynaqlanır.
Bu səbəbdən o, maksimum fayda əldə etmək üçün qida sənayesinin də kaliumla zənginləşdirilmiş duza keçid prosesinə qoşulmasının vacibliyini vurğulayıb.
Kaliumla zəngin duz hər kəs üçün təhlükəsizdirmi?
Tədqiqatçılar bu duzdan istifadənin potensial faydaları ilə yanaşı, müəyyən risklərinin də olduğunu bildirirlər. Xüsusilə ağır böyrək xəstəliyi olan insanlar və qanda kaliumun səviyyəsini artıran bəzi dərmanlardan istifadə edən şəxslər diqqətli olmalıdırlar. Belə insanlarda qanda kaliumun həddindən artıq yüksəlməsi – hiperkalemiya yarana bilər.
Corc İnstitutunun Hindistandakı professoru və nefroloq Vivek Cha bildirib ki, bu riskləri pasiyentlərin maarifləndirilməsi, məhsulların üzərində aydın etiketləmə və həkim nəzarəti vasitəsilə effektiv şəkildə idarə etmək mümkündür.
Ümumdünya Səhiyyə Təşkilatı 2025-ci ildə qan təzyiqini və ürək-damar xəstəlikləri riskini azaltmaq məqsədilə kaliumla zənginləşdirilmiş duzdan istifadəni dəstəkləyib.
Bununla belə, dünya miqyasında adi duzdan bu alternativə keçid asan olmayacaq. Tələbata uyğun kalium xlorid istehsalının artırılması da əsas çətinliklərdən biridir.
Vivek Cha hesab edir ki, qlobal miqyasda bu dəyişiklik iddialı hədəf olsa da, ölkələrin mövcud imkanları nəzərdən keçirməsi üçün mühüm başlanğıcdır. Onun fikrincə, bu üsul bir çox dərman müalicəsi ilə müqayisədə daha aşağı xərclə daha geniş sağlamlıq faydaları yarada bilər.



















