Binance istifadəçiləri kiberhücumdan sonra vəsaitlərini kütləvi şəkildə çıxarırlar
Dünyanın ən böyük kriptovalyuta birjası Binance 6,3 milyard dollar dəyərində kriptovalyutanın oğurlanması ilə nəticələnən kiberhücumdan sonra istifadəçilərin vəsait çıxarılması əməliyyatlarını mərhələli şəkildə bərpa edib. Şirkət oğurlanan aktivlərin 95%-ni öz vəsaiti hesabına kompensasiya etdiyini açıqlayıb.
ENA.az Reuters-ə istinadən xəbər verir ki, Binance-in məlumatına görə, əməliyyatlar əvvəlcə “Bitcoin”, “Ethereum”, BNB, “Solana”, XRP və “Dogecoin” daxil olmaqla 15 kriptovalyuta üzrə bərpa edilib. Digər aktivlər üzrə əməliyyatların da mərhələli şəkildə açılması nəzərdə tutulub.
Birjanın yenidən fəaliyyətə başlamasından sonra istifadəçilər 3,64 milyard dollar, yaxud platformanın aktivlərinin 2,1%-i həcmində vəsait çıxarıblar. Binance ilkin kütləvi çıxarış dalğasının zəiflədiyini və əməliyyatların tədricən sabitləşdiyini bildirib.
Şirkət oğurlanan 6,3 milyard dolların təxminən 95%-ni əvəzlədiyini, qalan 5%-in isə likvidliyi aşağı olan aktivlərdən ibarət olduğunu və onların tələb olunan həcmdə əldə edilməsinin daha çox vaxt apara biləcəyini açıqlayıb. Binance itkiləri öz vəsaiti, istifadəçilərin müdafiəsi üçün yaradılmış SAFU fondu və digər maliyyə ehtiyatları hesabına qarşılamağı öhdəsinə götürüb.
ABŞ Federal Təhqiqatlar Bürosu (FBI) hücuma Şimali Koreyanın dövlət dəstəkli TraderTraitor haker qrupunun cavabdeh olduğunu bildirib. Hücum edənlərin oğurlanmış aktivləri “Ethereum” kriptovalyutasına çevirdiyi və vəsaitlərin yuyulması cəhdlərinin davam edə biləcəyi qeyd olunub.
Hadisə kriptovalyuta bazarında etimad və təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib.



















