Microsoft və Google süni intellekt üçün bağlanmış AES-ləri yenidən işə salır
ABŞ-da süni intellekt sistemlərinin artan enerji tələbatını qarşılamaq üçün fəaliyyəti dayandırılmış nüvə elektrik stansiyalarının (AES) yenidən işə salınması istiqamətində işlər aparılır. Bu prosesdə “Microsoft” və “Google” kimi texnologiya şirkətləri əsas alıcılar arasında yer alır.
ENA.az xəbər verir ki, ABŞ-da Miçiqan, Pensilvaniya və Ayova ştatlarında yerləşən üç nüvə elektrik stansiyasının fəaliyyətinin bərpası nəzərdə tutulur. Layihələrin ümumi gücünün təxminən 2,25 giqavat olması və iki milyona yaxın ev və müəssisənin elektrik enerjisi tələbatını qarşılaya bilməsi gözlənilir.
“Microsoft” Pensilvaniyadakı “Three Mile Island” AES-in bir reaktorunun yenidən işə salınması üçün “Constellation Energy” ilə razılaşıb. Reaktorun 2027–2028-ci illərdə fəaliyyətə başlaması planlaşdırılır. “Google” isə Ayova ştatındakı “Duane Arnold” AES-in yenidən işə salınmasını dəstəkləyir. Bu stansiyanın 2029-cu ildə fəaliyyətə başlaması nəzərdə tutulur.
Süni intellekt modellərinin hazırlanması və işlədilməsi üçün böyük hesablama gücü tələb olunur. Məlumat mərkəzlərinin fasiləsiz elektrik enerjisinə ehtiyacı texnologiya şirkətlərini sabit enerji mənbələri axtarmağa vadar edir. Nüvə enerjisi aşağı karbon emissiyası ilə gecə-gündüz elektrik istehsal etmək imkanına görə bu sahədə əsas alternativlərdən biri hesab olunur.
Bununla yanaşı, layihələrin icrası texniki və maliyyə çətinliklərindən asılıdır. Stansiyaların yenidən işə salınması yeni AES tikintisi ilə müqayisədə daha qısa müddət tələb edə bilər, lakin bütün obyektlərin planlaşdırılan vaxtda elektrik istehsalına başlayacağı hələ təmin olunmayıb.



















