HI-TECH

Süni intellektə xərclər gələn il 3,6 trilyon dolları ötəcək

Dünyada süni intellektə (Sİ) çəkilən xərclərin 2027-ci ildə 3,64 trilyon dollara çatacağı proqnozlaşdırılır. İnvestisiyaların əsas hissəsinin məlumat mərkəzləri və digər hesablama infrastrukturlarına yönələcəyi gözlənilir.

ENA.az xəbər verir ki, “Gartner”in proqnozlarına görə, 2027-ci ildə süni intellekt infrastrukturuna xərclər təxminən 1,98 trilyon dollar təşkil edə bilər. Bu sahəyə investisiyaların artması şirkətlərin süni intellekt modellərinin hazırlanması və tətbiqi üçün hesablama gücünə artan tələbi ilə əlaqələndirilir.

Analitiklərin diqqət yetirdiyi əsas məsələlərdən biri bu böyük investisiyaların şirkətlərə nə dərəcədə gəlir gətirəcəyidir. Süni intellektin biznes proseslərinə inteqrasiyası, korporativ tətbiqlərin genişlənməsi və süni intellekt agentlərinə tələbin artması gəlirliliyin əsas göstəriciləri hesab olunur.

Bununla yanaşı, yarımkeçiricilər sektorunda da artım gözlənilir. “Gartner”in proqnozuna əsasən, yarımkeçiricilərdən əldə olunan qlobal gəlirlər 2027-ci ildə 1,94 trilyon dollara yaxınlaşa bilər. Yaddaş çipləri və süni intellekt prosessorlarına tələbin bu artımda mühüm rol oynayacağı bildirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)