Qızıl FED-in faiz qərarı ərəfəsində ucuzlaşıb (20.10.2026)
Dünya bazarlarında qızılın qiyməti investorların ABŞ Federal Ehtiyat Sisteminin (Fed) gələcək faiz siyasəti ilə bağlı qərarını gözləməsi fonunda geriləyib.
ENA.az xəbər verir ki, “Reuters”in məlumatına görə, spot qızılın qiyməti 0,3% azalaraq bir unsiya üçün 4 126,84 dollara düşüb. ABŞ-da qızıl fyuçersləri də 0,3% ucuzlaşaraq 4 146 dollara enib.
İnvestorların diqqəti Fed-in oktyabrın 27–28-də keçiriləcək iclasına və ABŞ-da inflyasiyanın əsas göstəricilərindən sayılan fərdi istehlak xərcləri (PCE) üzrə məlumatlara yönəlib.
Faiz dərəcələrinin yüksək qalması faiz gəliri gətirməyən qızılın investorlar üçün cəlbediciliyini azalda bilər. Buna görə də bazar iştirakçıları Fed-in qərarı ilə yanaşı, gələcək pul siyasətinə dair verəcəyi siqnalları da izləyirlər.
Digər qiymətli metallardan gümüşün qiyməti 0,7% azalaraq bir unsiya üçün 56,69 dollara düşüb. Palladium da 0,7% ucuzlaşıb, platin isə təxminən dəyişməz qalıb.



















