Rusiyadan yanacaq tədarükünün artacağı gözləntiləri nefti ucuzlaşdırıb (20.10.2026)
Dünya bazarlarında neftin qiyməti ABŞ-ın Rusiyaya qarşı bəzi sanksiyaları tətbiq etməmək qərarı və Rusiya yanacağının tədarükünün arta biləcəyi gözləntiləri fonunda azalıb.
ENA.az xəbər verir ki, “Brent” markalı neftin qiyməti 0,45% ucuzlaşaraq bir barel üçün 109,06 dollara düşüb. ABŞ-ın “WTI” markalı neftinin noyabr fyuçersləri 103,32 dollara, daha aktiv ticarət olunan dekabr fyuçersləri isə 98,08 dollara enib. Bir gün əvvəl “Brent”in qiyməti son beş ayın ən yüksək səviyyəsinə — 110,70 dollara çatmışdı.
ABŞ Prezidenti Donald Tramp Rusiyanın enerji ixracına qarşı nəzərdə tutulan bəzi yeni sanksiya və tariflərdən müvəqqəti imtina edib. Vaşinqton bu addımla yanacaq təchizatını artırmağa və qiymət təzyiqini azaltmağa çalışır. Bununla belə, ABŞ dövlət katibi Marko Rubio qərarın təsirlərini qiymətləndirmək üçün əlavə vaxta ehtiyac olduğunu bildirib.
Digər tərəfdən, Yaxın Şərqdəki gərginlik və enerji infrastrukturuna mümkün hücumlar təchizatla bağlı narahatlıqları artırır. Buna görə də Rusiyadan əlavə tədarük gözləntilərinə baxmayaraq, neft bazarında qiymətlərin istiqaməti regiondakı hadisələrdən də asılı qalır.



















