400-ə yaxın alim süni intellektə nəzarət üzrə beynəlxalq orqan yaratmağa çağırış edib
Tanınmış tədqiqatçılar Ceffri Hinton və Yoşua Bencio daxil olmaqla, 34 ölkədən olan təxminən 400 alim qabaqcıl süni intellekt sistemlərinin təhlükəsizliyinə nəzarət edəcək beynəlxalq orqanın yaradılmasına çağırıblar.
Bu barədə "Reuters" tədqiqatçıların açıq məktubuna istinadən məlumat yayıb.
Yeni orqanın kiberhücumlar həyata keçirə biləcək süni intellekt sistemləri üçün vahid təhlükəsizlik standartları müəyyən edəcəyi nəzərdə tutulur.
Alimlər hesab edirlər ki, qabaqcıl süni intellekt modelləri ilkin mərhələdə xarici şəbəkələrə qoşulmadan təcrid olunmuş mühitdə işləməli və müstəqil nəzarət altında olmalıdır.
Müraciət müəllifləri vurğulayıblar ki, texnologiya şirkətlərinin könüllü öhdəlikləri belə sistemlərin təhlükəsizliyini təmin etmək üçün kifayət deyil.



















