Neftin qiyməti ardıcıl ikinci sessiyada bahalaşıb (29.09.2026)
Neftin qiyməti Yaxın Şərqdə tədarük axınlarının pozula biləcəyi ilə bağlı narahatlıqlar fonunda ardıcıl ikinci sessiyada yüksəlib.
ENA.az xəbər verir ki, Brent markalı neftin qiyməti 0,6% artaraq 1 barel üçün 105,91 dollara, WTI markalı neft isə 0,8% bahalaşaraq 93,32 dollara yüksəlib.
Bazar iştirakçıları Yaxın Şərqdən xam neft ixracının bərpa olunduğuna dair əlamətləri qiymətləndirsələr də, tədarükün hələ də alternativ və daha baha üsullardan asılı olması qiymətlərə dəstək verir. Kpler-in ilkin məlumatlarına görə, regionun aparıcı istehsalçılarının sentyabr ayında xam neft ixracı gündəlik 12,8 milyon barelə yüksəlib. Bu, fevraldan bəri ən yüksək göstəricidir.
Digər tərəfdən, ABŞ və İran rəsmiləri münaqişənin başa çatdırılması məqsədilə diplomatik təmasları davam etdirirlər. Gözlənilən danışıqların İranın ötən həftə təqdim etdiyi 7 günlük təklifin dəyişdirilmiş variantına yönələcəyi bildirilir.
Analitiklər hesab edirlər ki, mümkün razılaşma neft qiymətlərinin qısamüddətli perspektivdə 110 dolların üzərinə davamlı yüksəlməsinin qarşısını ala bilər.
















