İran Hörmüzdə ödənişdən imtina edir —REUTERS
ABŞ və İran Hörmüz boğazının yenidən açılmasını nəzərdə tutan mərhələli razılaşmanı müzakirə edir.
ENA.az xəbər verir ki, bu barədə Reuters danışıqlara yaxın mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Nyu-Yorkda aparılan danışıqlarda İranın Hörmüz boğazını gəmiçilik üçün yenidən açması, bunun müqabilində isə Vaşinqtonun Tehrana qarşı iqtisadi blokadanı aradan qaldırması müzakirə olunur.
Danışıqlarda əsas maneələrdən biri tərəflərin təzyiq vasitələrindən imtina etmək istəməməsidir. ABŞ İrana qarşı iqtisadi təzyiq imkanlarını, Tehran isə qlobal enerji daşımaları üçün mühüm əhəmiyyət daşıyan Hörmüz boğazına çıxış üzərində nəzarəti əlində saxlayır.
Reuters-in regional mənbələrinə görə, İran boğazdan keçid üçün ödəniş tələbini əsas razılaşmadan çıxarmağa hazır ola bilər. Bununla belə, Tehran Hörmüz boğazı üzərində inzibati nəzarətdən imtina etmək niyyətində deyil.
Körfəz ölkələri isə İranın boğaz üzərində nəzarətini saxlamasına qarşı çıxır. Onlar gəmiçiliyin sərbəstliyinin bərpa edilməsini və Hörmüz boğazının region ölkələrinə təzyiq vasitəsinə çevrilməməsini tələb edirlər.


















