Sığorta

Azərbaycanda sığorta bazarı üçün rəqəmsal pasport yaradılacaq

Azərbaycanda sığorta bazarı üçün rəqəmsal pasport yaradılacaq.

ENA.az xəbər verir ki, bunu İcbari Sığorta Bürosunun (İSB) Biznesin inkişafı departamentinin rəhbəri Xanım Camalova "İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqının yaranmasının 15 illiyi" ilə bağlı tədbirdə deyib.

Onun sözlərinə görə, bu layihənin məqsədi sığorta bazarı üçün seçilmiş məlumatların standart formatda və təhlükəsiz şəkildə əldə edilməsini təmin etməkdir: "Bu, sığorta şirkətləri, dövlət qurumları, fintexlər və digər maraqlı tərəflər arasında məlumat mübadiləsi üçün yeni imkanlar yaradacaq. Nəticədə yeni rəqəmsal xidmətlərin, analitik həllərin və biznes imkanlarının inkişafı nəzərdə tutulur. Əsas prinsip isə məlumatlara çıxışın təhlükəsizliyinin, standartlara uyğunluğunun və qanunvericiliyin tələblərinə riayət edilməsinin təmin olunmasıdır. Növbəti layihələrimizdən biri isə vahid tənzimləmə qaydalarının hazırlanmasıdır".

X.Camalova qeyd edib ki, bundan başqa, sığorta hadisələrinin qeydiyyatı vahid sistem üzərindən aparılacaq: "Hazırda hadisələrin qeydiyyatı və yekun qərarların verilməsi müxtəlif filtrasiyalar əsasında həyata keçirilir. Bu isə müraciətlərin hansı mərhələdə olduğunu izləməyi bəzən xeyli çətinləşdirir. Bu layihə çərçivəsində artıq mərkəzləşdirilmiş bir sistemin yaradılması nəzərdə tutulur. Məqsəd vətəndaşların real vaxt rejimində məlumat mübadiləsi aparmasını təmin etməkdir. Eyni zamanda, bütün sorğu şirkətləri üçün vahid qaydaların tətbiqi, vətəndaşların məlumatlara və bütün xidmətlərə əlçatanlığının təmin edilməsi hədəflənir. Hazırda büronun informasiya sistemi mərhələli şəkildə fəaliyyət göstərir. Bu layihə çərçivəsində gündəlik sorğu məlumatlarını, müqavilələri, hadisələri və ödənişlərə dair məlumatları vahid mərkəzdə birləşdirmək istəyirik. Düşünürük ki, bu yanaşma sorğu və müqavilələrlə bağlı əməliyyatların azalmasına, mühüm sığorta göstəricilərinin müəyyənləşdirilməsinə, həmçinin daha əhatəli statistik məlumatların formalaşdırılmasına imkan verəcək. Bu məlumatlar həm sığorta şirkətləri, həm banklar, həm də qanunvericilik baxımından faydalı olacaq".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)