AZAL bu il donanmasına 4-cü təyyarəni əlavə edib
"Azərbaycan Hava Yolları" QSC (AZAL) donanmasına növbəti "Airbus A320neo" təyyarəsini əlavə edib.
ENA.az AZAL-a istinadən xəbər verir ki, bu, aviaşirkətin cari ildə təyyarə parkına əlavə etdiyi dördüncü hava gəmisidir.
Bununla da, AZAL-ın istismarda olan hava gəmilərinin ümumi sayı 30-a çatıb.
"Airbus A320neo" təyyarəsinin istismara verilməsi donanmanın yeni nəsil təyyarələrlə yenilənməsi istiqamətində həyata keçirdiyi proqramın növbəti addımıdır. Bu yanaşma aviaşirkətə əməliyyat çevikliyini artırmaq, artan sərnişin tələbatını daha səmərəli qarşılamaq və marşrut şəbəkəsini inkişaf etdirmək prioritetlərini dəstəkləyir.
"Airspace" kabini, geniş əl yükü bölmələri, yüksəksürətli "Wi-Fi", biznes sinfində fərdi monitorlar və yeni nəsil mühərriklər sayəsində təyyarə daha yüksək sərnişin komfortu ilə yanaşı, daha aşağı yanacaq sərfiyyatı və karbon emissiyası təmin edir.
Bu ilin ilk yarısında AZAL donanmasını iki "Airbus A320neo" və bir "Airbus A321neo" təyyarəsi ilə genişləndirib. 2026-cı ilin sonuna kimi Azərbaycanın milli aviadaşıyıcısı təyyarə parkına rekord sayda yeni hava gəmisinin daxil olmasını planlaşdırır. Bu proqram çərçivəsində aviaşirkət mərhələli şəkildə yeni nəsil "Airbus" təyyarələrini istismara qəbul edir və 2032-ci ilə qədər donanmadakı təyyarələrin sayını 50-yə çatdırmağı hədəfləyir.


















