Sənaye

Misir SOCAR-ı öz bazarında iştirakını genişləndirməyə dəvət edib

Misir və Azərbaycan neft-qaz sahəsində uzunmüddətli tərəfdaşlıq imkanlarını öyrənirlər.

Bu barədə “ECO FIN Agency” Misirin Neft Nazirliyinə istinadən məlumat yayıb.

Bu mövzuda danışıqlar Bakı Enerji Həftəsi çərçivəsində Misirin neft naziri Karim Badavi ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Elşad Nəsirov arasında keçirilən görüş zamanı baş tutub.

Məlumatda bildirilib ki, müzakirələr iki ölkə arasında uzunmüddətli strateji tərəfdaşlığın aktivləşdirilməsinə və miqyasının genişləndirilməsinə yönəlib.

K.Badavi Misirdə inkişaf etmiş neft emalı, nəqli, saxlanması və ixracı infrastrukturuna diqqət çəkərək, bu aktivləri əməkdaşlığın genişləndirilməsi üçün əsas kimi təqdim edib.

Nazir, həmçinin karbohidrogenlərin kəşfiyyatı, işlənməsi və hasilatı sahəsində investisiya imkanlarını qeyd edib, eləcə də SOCAR-ı Misir bazarında iştirakını genişləndirməyə dəvət edib.

Qeyd olunub ki, bu görüş martın 31-də Qahirədə “Egypt Energy Show” (EGYPES) sərgisi çərçivəsində imzalanmış çərçivə sazişinin davamı olub. Saziş mayeləşdirilmiş təbii qazın, neft və neft məhsullarının tədarükü, investisiyalar, təlim və ixtisasartırma da daxil olmaqla bir neçə əməkdaşlıq sahəsini əhatə edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)