“Bir Kredit BOKT”un rəhbərliyində dəyişiklik olub
“Kapital Bank” ASC-nin törəmə təşkilatı “Bir Kredit BOKT” MMC-nin Müşahidə Şurasının üzvlüyündə dəyişiklik baş verib.
Məlumata görə, Pərvin Məmmədov Müşahidə Şurasına üzv seçilib.
O bu vəzifədə Əli İbrahimov Qəməddin oğlunu əvəz edib.
Pərvin Məmmədov Zahid oğlu maliyyə və bank sektorunda 15 ildən çox təcrübəyə malikdir. O, 2026-cı ilin aprel ayından etibarən “Kapital Bank” ASC-də Maliyyə Ofisinin rəhbəri vəzifəsində çalışır. Bundan əvvəl 2023–2026-cı illərdə Gürcüstandakı “PASHA Bank Georgia” SC-də Baş maliyyə direktoru (CFO) olub.
Karyerasının böyük hissəsini Kapital Bank-da keçirən Məmmədov, 2012–2023-cü illərdə büdcə və hesabatlıq şöbəsinin müdiri, Maliyyə İdarəetmə Departamentinin direktor müavini, direktor əvəzi və direktor vəzifələrində fəaliyyət göstərib. O, həmçinin 2009–2012-ci illərdə “Rabitabank” və “KredAqro” BOKT MMC-də maliyyə sahəsində müxtəlif vəzifələrdə çalışıb.
Xatırladaq ki, “Bir Kredit” 2018-ci ildə yaradılıb və 105.8 milyon manat nizamnamə kapitalı var. BOKT-un təsisçisi 100 % “Kapital Bank” ASC-dir.


















