Tramp: İran razılaşmaya getməsə, yeni hərbi əməliyyat keçirə bilərik
ABŞ Prezidenti Donald Tramp İranla razılaşma əldə olunmadığı təqdirdə ölkəyə qarşı daha bir hərbi əməliyyat keçirə biləcəklərini bildirib.
ENA.az xəbər verir ki, Tramp bu barədə ABŞ-da noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkiləri ərəfəsində Florida ştatında Respublikaçılar Partiyasının tədbirində danışıb.
Tramp İranla qarşıdurmada əhəmiyyətli irəliləyiş əldə etdiklərini iddia edib. O, İranın nüvə imkanlarını tamamilə aradan qaldırdıqlarını bildirərək, razılaşma əldə olunmasa, “Epik Qəzəb” əməliyyatının daha kiçik miqyaslı davamını keçirə biləcəklərini deyib.
ABŞ prezidenti çıxışında Kuba ilə bağlı da fikirlər səsləndirib. O, dövlət katibi Marko Rubionun Kuba ilə razılaşma məsələsi üzrə fəaliyyət göstərəcəyini bildirib və ABŞ hərbi gəmilərinin adanın yaxınlığından keçməsinin Havanaya təzyiq yaratmaq üçün kifayət edə biləcəyini iddia edib.
Trampın açıqlaması Vaşinqtonla Tehran arasında danışıqların nəticəsiz qalması və regionda hərbi gərginliyin davam etdiyi bir vaxta təsadüf edir. ABŞ-ın mümkün yeni əməliyyatının vaxtı və miqyası ilə bağlı konkret təfərrüatlar açıqlanmayıb.



















