MALİYYƏ

Aktiv vergi ödəyicilərinin sayı 901 minə çatdı

Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı son bir ildə 63 mindən çox artaraq 900 mini ötüb. Eyni zamanda, əlavə dəyər vergisi (ƏDV) ödəyicilərinin sayı 62 mini keçib, qeyri-neft-qaz sektorundan büdcəyə vergi daxilolmaları isə 12,6 faiz artıb.

ENA.az Dövlət Vergi Xidmətinin məlumatlarına istinadən xəbər verir ki, 1 oktyabr 2026-cı il tarixinə ölkədə aktiv vergi ödəyicilərinin sayı 900 967 nəfərə çatıb. Bu, 2025-ci ilin eyni tarixində qeydə alınmış 837,8 min göstəricisi ilə müqayisədə təxminən 63,2 min nəfər və ya 7,5 faiz çoxdur.

Aktiv ƏDV ödəyicilərinin sayı isə ötən ilin eyni dövründəki 56,9 mindən 62 414-ə yüksəlib. Beləliklə, illik artım təxminən 5,5 min nəfər və ya 9,7 faiz təşkil edib. Aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı da 228,5 mindən 247 206-ya çataraq təxminən 18,7 min vahid və ya 8,2 faiz artıb.

Dövlət Vergi Xidmətinin məlumatına əsasən, 2026-cı ilin əvvəlindən aktiv vergi ödəyicilərinin sayı 4,8 faiz, ƏDV ödəyicilərinin sayı 6,9 faiz, aktiv təsərrüfat subyektlərinin sayı isə 6,2 faiz artıb.

Vergi ödəyicilərinin sayındakı artım büdcə daxilolmalarında da müşahidə olunub. 2026-cı ilin yanvar–sentyabr aylarında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 13 milyard 630,4 milyon manat vergi daxil olub. Bu, ötən ilin eyni dövründən 1 milyard 174,6 milyon manat və ya 9,4 faiz çoxdur. Vergi daxilolmaları proqnozu 913,4 milyon manat üstələyib.

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 10 milyard 332,6 milyon manata çatıb. Bu sektordan daxilolmalar illik müqayisədə 1 milyard 159,3 milyon manat və ya 12,6 faiz artıb. Nəticədə, qeyri-neft-qaz sektorunun ümumi vergi daxilolmalarında payı 2025-ci ilin ilk doqquz ayındakı 73,6 faizdən 75,8 faizə yüksəlib.

Bununla yanaşı, 2026-cı ilin yanvar–sentyabr aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 59,7 milyon manat təşkil edib. Bu, 2025-ci ilin müvafiq dövründəki 4 milyard 661,4 milyon manatla müqayisədə 8,5 faiz artım deməkdir. Daxilolmalar proqnozdan 267,2 milyon manat çox olub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 179,9 milyon manatı ötərək ötən ilin eyni dövründən təxminən 9,1 faiz çox olub. İcbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 758,8 milyon manata yaxın təşkil edib. Bu göstərici 2025-ci ilin eyni dövründə qeydə alınmış 814,3 milyon manatla müqayisədə təxminən 6,8 faiz azdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)