Sağlamlıq

Az zülal daha sağlam qocalmağa kömək edə bilər – yeni araşdırma

Zülalı daha az qəbul etmək daha uzun və sağlam ömür sürməyin açarı ola bilər. Yeni araşdırma sağlam həyat tərzi ilə bağlı geniş yayılmış təsəvvürlərdən birini şübhə altına alır.

Zülal tozlarından tutmuş zülalla zəngin taxıl batonlarına qədər yüksək miqdarda zülal qəbul etməyi təşviq edən “proteinmaxxing” son illərin ən populyar sağlamlıq trendlərindən birinə çevrilib. Lakin dünya əhalisi yaşlandıqca yeni elmi nəticələr göstərir ki, bəzi insanlar üçün zülal qəbulunu azaltmaq daha uzun və sağlam həyat üçün daha məqsədəuyğun ola bilər.

ABŞ-ın Viskonsin-Madison Universitetinin alimləri 300-dən çox araşdırmanı təhlil ediblər. Nəticələr göstərir ki, rəsmi tövsiyələrdə yüksək zülallı qidalanmaya tez-tez üstünlük verilsə də, yeni elmi sübutlar zülal qəbulunun azaldılmasının diabet və xərçəng kimi yaşla əlaqəli xəstəliklərin riskini aşağı sala biləcəyinə işarə edir.

Araşdırmanın müəllifi Dadli Lamming bildirib ki, zülalın əzələ inkişafı və fiziki aktiv insanların məşqlərə reaksiyası baxımından faydaları aydındır. Lakin onun sözlərinə görə, insanların böyük hissəsi kifayət qədər hərəkətli deyil və buna görə də ehtiyac duyduğundan daha çox zülal qəbul edə bilər.

Daha az zülal orqanizmə necə təsir edir?

Araşdırmaya görə, aşağı zülallı qidalanma maddələr mübadiləsinin fəaliyyətini yaxşılaşdıra bilər. Bu, piy toxumasının azalması, enerji sərfiyyatının artması və qanda şəkərin daha stabil qalması ilə əlaqələndirilir. Həm insan, həm də heyvanlar üzərində aparılan araşdırmalarda daha az zülal qəbulunun ümumi kalori miqdarı daha yüksək olsa belə, qanda şəkərin daha yaxşı idarə olunmasına və bədən yağının azalmasına səbəb olduğu müşahidə edilib.

Alimlər bu prosesdə FGF21 adlı “qoruyucu hormonun” rolunu xüsusi qeyd edirlər. Zülal qəbulu azaldıqda bu hormonun səviyyəsi artır və orqanizmin enerjini daha səmərəli sərf etməsinə kömək edir.

Hüceyrələrdə “təmizləmə” prosesi

Tədqiqatçılar həmçinin zülalın azaldılmasının orqanizmi autofagiya adlanan “bərpa və təmizləmə” rejiminə keçirə biləcəyini müəyyən ediblər. Autofagiya zamanı orqanizm zədələnmiş zülallar və digər sıradan çıxmış hüceyrə komponentləri kimi “hüceyrə tullantılarını” parçalayaraq aradan qaldırır. Bu proses hüceyrələrin daha sağlam qalmasına kömək edir. Lakin zülalı azaltmaq hər kəs üçün uyğun deyil.  Tədqiqatçılar vurğulayırlar ki, aşağı zülallı qidalanma bütün insanlar üçün uyğun hesab edilmir.

Hamilə qadınlar, böyümə və inkişaf mərhələsində olan uşaqlar, yaşlı insanlar və ciddi xəsarətlərdən sonra bərpa olunan şəxslər zülal məhdudlaşdırmasından çəkinməlidirlər. Bu qrupların orqanizmi inkişaf və bərpa prosesləri üçün daha çox zülala ehtiyac duya bilər.

Gündə nə qədər zülal lazımdır?

Avropa Qida Təhlükəsizliyi Agentliyi (EFSA) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) böyüklər üçün gündəlik zülal qəbulunun hər kiloqram bədən çəkisinə 0,83 qram olmasını əhali üçün istinad göstəricisi kimi müəyyən edir.

Hər iki qurum bildirir ki, bu göstəricinin iki mislinə qədər zülal qəbulu təhlükəsiz hesab olunur. Bununla belə, çox yüksək miqdarda zülal qəbulunun uzunmüddətli təsirləri ilə bağlı elmi sübutlar hələ də mübahisəlidir.

EFSA yaşlı insanların xüsusi olaraq nə qədər zülala ehtiyac duyduğunu müəyyənləşdirmək üçün kifayət qədər məlumat olmadığını bildirir və onların ən azı gənc böyüklərlə eyni miqdarda zülal qəbul etməsini tövsiyə edir.

“Zülal tövsiyələri fərdiləşdirilməlidir”

Tədqiqatın müəllifi Lamming hesab edir ki, zülal qəbulu ilə bağlı tövsiyələr yalnız yaşa əsaslanmamalıdır.

“Son dövrlərdə insanlara daha çox zülal qəbul etmək, eyni zamanda daha çox hərəkət etmək tövsiyə olunur. Biz zülal üzrə tövsiyələri yalnız yaşa deyil, həm də insanın fiziki aktivlik səviyyəsinə əsasən fərdiləşdirməliyik”, – alim bildirib.

Tədqiqat müəlliflərinin qənaətinə görə, hazırda bir çox insan ehtiyacından xeyli çox zülal qəbul edir və bu insanların zülal qəbulunu azaltması faydalı ola bilər. Lakin alimlər fərdi sağlamlıq vəziyyətini və həyat tərzini nəzərə alan uyğun qidalanma modellərinin hazırlanması üçün əlavə klinik araşdırmalara ehtiyac olduğunu vurğulayırlar.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)