TURİZM

Lənkəran: Azərbaycanın cənubunda turizmin yeni imkanları – Ziyadan mediatur qeydləri

Dövlət Turizm Agentliyinin təşkil etdiyi mediatur çərçivəsində Lənkəranda olan ENA saytının müxbiri Ziya Abdullayevin qeydlərini təqdim edirik:

- Hirkan meşələrindən bambuk plantasiyalarına, qədim muzeydən çay və sitrus bağlarına qədər – Lənkəran turistə bir səfərdə Azərbaycanın fərqli simalarını göstərir. Lənkərana gedəndə bu şəhəri yalnız dənizkənarı istirahət məkanı kimi təsəvvür etmək düzgün deyil.

Cənub bölgəsinin bu qədim şəhəri turistə bir səfər çərçivəsində meşə, dəniz, çay plantasiyası, sitrus bağları, tarix, milli mətbəx, sənətkarlıq və kənd həyatını bir arada təqdim edə bilir.

 Lənkəranın turizm potensialı ayrı-ayrı məkanlardan deyil, bir-birini tamamlayan bütöv bir ekosistemdən ibarətdir. Və görünən odur ki, bu potensial artıq tədricən turizm məhsuluna çevrilir.

Hirkanın dərinliklərinə gedən yollar artırılır

Lənkəranın turizm xəritəsində ilk diqqət çəkən ünvanlardan biri, şübhəsiz ki, Hirkan Milli Parkıdır. Hazırda parkda 14 turizm marşrutu fəaliyyət göstərir. Lənkəran Regional Turizm İdarəsinin məlumatına görə, növbəti ildə bu marşrutların sayının artırılması planlaşdırılır. Marşrutların işarələnməsi və infrastrukturun təkmilləşdirilməsi istiqamətində də işlər davam etdirilir. Bu, sadəcə rəqəmin artması deyil. Çünki turist üçün marşrutun özü qədər həmin marşrutun rahat, təhlükəsiz və anlaşıqlı olması da vacibdir. Xüsusilə təbiət turizmində düzgün işarələnmiş, müxtəlif çətinlik səviyyələrinə uyğunlaşdırılmış marşrutlar turistin bölgədə daha çox vaxt keçirməsinə imkan yaradır.

Hirkanın üstünlüyü isə ondadır ki, burada turist sadəcə meşəyə baxmır, Lənkəranın özünəməxsus təbiətini yaşayır. Bu istiqamətdə Lənkəranın qarşısında ciddi imkanlar var. Ekoturizm, yürüşlər, foto-turlar, quş müşahidəsi və təbiət marşrutları gələcəkdə bölgənin turizm məhsulunun daha böyük hissəsinə çevrilə bilər.

Lənkəran turistə kənd təsərrüfatını da göstərir

Lənkəranın başqa bir üstünlüyü isə aqroturizmdir. Bu istiqamət xüsusilə son illərdə inkişaf etməyə başlayıb. Regional Turizm İdarəsinin məlumatına görə, bölgədə aqroturizm obyektlərinin əsas hissəsi son üç ildə fəaliyyətə başlayıb. Çay təsərrüfatı ilə seçilən “Nillado”, sitrus bağlarını əhatə edən “Citrus Valley” kimi məkanlar turistlər arasında populyarlıq qazanıb. Bu məqam məncə Lənkəranın turizm strategiyasının ən maraqlı tərəflərindən biridir. Çünki turist artıq yalnız oteldə qalmaq və ətrafı seyr etməklə kifayətlənmir. O, getdiyi bölgənin necə yaşadığını görmək istəyir.

Çayın necə yetişdirildiyini, sitrusun necə toplandığını, yerli məhsulun necə hazırlandığını görmək isə səyahəti sadə istirahətdən təcrübəyə çevirir. Lənkəranın burada təbii üstünlüyü var.

32 sot bambuk – Lənkəranın gözlənilməz turizm hekayəsi

Mediatur zamanı diqqətimi çəkən məkanlardan biri də 32 sotluq bambuk plantasiyası oldu. İlk baxışda bu təsərrüfatı turizm obyekti kimi təsəvvür etmək çətin görünə bilər. Amma əslində burada Lənkəranın turizm modelinin başqa bir tərəfini görmək mümkündür: yerli sahibkarlıq turizm təcrübəsinə çevrilir.

Fərdi sahibkar Eynulla Calalovun sözlərinə görə, təsərrüfatda yetişdirilən bambuklar sürətli böyüməsi ilə seçilir və bitki təxminən 48–50 gün ərzində tam boya çatır. Bambukdan bağ mebelləri və müxtəlif suvenirlər hazırlanır, məhsullar daxili bazara da təqdim olunur. 32 sotluq ərazi və burada həyata keçirilən emal fəaliyyəti xüsusi xəritəyə daxil edilib. Məncə, bu cür məkanların turizm marşrutlarına daxil edilməsi Lənkəran üçün əlavə imkan yaradır. Turist bambuk plantasiyasına baxır, onun necə yetişdirildiyini öyrənir, hazırlanmış əl işlərini görür və hətta özü üçün suvenir ala bilir. Bu artıq sadəcə “gəzinti” deyil. Bu, yerli iqtisadiyyatın turist təcrübəsinə qoşulmasıdır.

Lənkəranın tarixini isə muzey danışır

Lənkəranın təbiəti nə qədər zəngindirsə, tarixi də bir o qədər maraqlıdır. Bunu şəhərin Tarix-Diyarşünaslıq Muzeyində daha aydın hiss etmək mümkündür. Muzeyin direktoru Leyla Məmmədovanın verdiyi məlumata görə, ötən il muzeyi 75 min turist ziyarət edib. Muzeydə hazırda 12 500 eksponat var və onların 6 mini ekspozisiyada nümayiş etdirilir. Əcnəbi turistlər həm muzeyin yerləşdiyi tarixi binaya, həm də burada sərgilənən məişət əşyalarına xüsusi maraq göstərirlər. Bu rəqəm Lənkəranın turizm potensialı haqqında çox şey deyir. Çünki 75 min ziyarətçi o deməkdir ki, turist Lənkərana yalnız təbiətə görə gəlmir. Şəhərin tarixini də tanımaq istəyir. Muzeydəki əşyalar isə bu tarixi kitab səhifəsindən çıxarıb gündəlik həyatın içərisinə gətirir.

Bəs Lənkərana ən çox haradan turist gəlir?

Mediatur zamanı mənim üçün maraqlı suallardan biri də bu idi: Lənkərana ən çox hansı xarici ölkədən turist gəlir? Bu, Lənkəranın turizm bazarı üçün vacib göstəricidir.

Suala aldığım cavab isə Rusiya oldu, çünki Rusiyada yaşayan lənkəranlılar daha çoxdur. Eynilə Türkiyəyə Almaniyadan gələn turistlərin həmişə daha çox olması faktı kimi. Azərbaycan 2026-cı ildə turizm marketinqini gücləndirmək üçün Rusiya və Türkiyə bazarlarında da tanıtım kampaniyaları həyata keçirir. Lənkəranın əlində kifayət qədər resurs var. Bir gün Hirkan meşəsində yürüş, digər gün çay və sitrus bağında aqroturizm, sonra muzey, yerli mətbəx, bambuk təsərrüfatı və nəhayət Xəzərin sahilində istirahət... Belə paket turistin bölgədə qalma müddətini artırmaq üçün kifayət qədər maraqlı kombinasiya yaradır.

Lənkəranın ən böyük üstünlüyü: hər şey bir-birinə yaxındır

Lənkəranın turizm potensialından danışarkən məncə ən mühüm üstünlüklərdən biri də məhsulların müxtəlifliyidir. Təsəvvür edin, səhər meşədəsiniz, günorta çay plantasiyasındasınız, sonra sitrus bağını gəzirsiniz. Axşam şəhərin tarixi məkanlarını görür və Lənkəran mətbəxinin dadına baxırsınız. Bu baxımdan Lənkəran klassik “dəniz + otel” turizmindən daha geniş imkan təqdim edir. Üstəlik, bölgədə turistik kəndlərin qiymətləndirilməsi və inkişafı, kulinariya ənənələrinin beynəlxalq tədbirlərdə təbliği kimi layihələr də həyata keçirilir.

Bu istiqamətlər inkişaf etdikcə turizmdən gələn iqtisadi faydanın yalnız otellərdə deyil, kəndlərdə, ailə təsərrüfatlarında, restoranlarda, sənətkarlıq və nəqliyyat xidmətlərində də hiss olunması mümkündür.

Lənkəranın turizm xəritəsi genişlənir

Mediaturdan sonra məndə yaranan qənaət budur ki, Lənkəranın turizm potensialını bir sözlə ifadə etmək çətindir. Bu şəhərin üstünlüyü məhz müxtəlifliyin bir yerdə olmasıdır.

Hirkan – təbiət.

Çay və sitrus bağları – aqroturizm.

Bambuk plantasiyası – yerli sahibkarlıq və sənətkarlıq.

Tarix-Diyarşünaslıq Muzeyi – tarix və mədəniyyət.

Lənkəran mətbəxi – qastronomiya.

Xəzər sahili – istirahət.

Və bütün bunların üzərinə cənub insanının qonaqpərvərliyi gəlir.

Hazırda Hirkan Milli Parkında 14 marşrutun fəaliyyət göstərməsi və onların artırılmasının planlaşdırılması Lənkəranın turizm xəritəsinin daha da genişlənəcəyini göstərir.

Məncə, növbəti mərhələdə əsas məsələ Lənkəranda yeni turizm obyektlərinin sayını artırmaqdan daha çox, mövcud imkanları vahid turizm məhsuluna çevirməkdir. Turist Lənkərana gələndə ona 10 ayrı məkan deyil, bir bütöv Lənkəran təcrübəsi təqdim edilməlidir. Və bu təcrübənin içində Hirkanın meşəsi, Lənkəranın çayı, sitrusu, bambuku, tarixi, mətbəxi və Xəzərin sahili bir-birini tamamlamalıdır. Çünki Lənkəranın əsas turizm sərvəti yalnız onun gözəl təbiəti deyil. Əsas sərvət odur ki, bu təbiətin, tarixin və yerli həyatın hamısı canlıdır.

Bəlkə də məhz buna görə Lənkəran Azərbaycanın cənubunda sadəcə gəzməli yer deyil, yenidən kəşf edilməli turizm istiqamətidir.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)