Avropa qaz anbarlarını payıza qədər doldura bilmədi. Qışda qiymətlər kəskin bahalaşa bilər
Avropa qış mövsümünə qaz ehtiyatlarının kifayət qədər aşağı səviyyədə olduğu bir vaxtda daxil olur. Bu isə qlobal bazarda qaz uğrunda rəqabətin daha da kəskinləşməsinə və qiymətlərin artmasına səbəb ola bilər. Bloomberg yazır ki, Avropanın qaz ehtiyatlarının vəziyyəti qış aylarında enerji bazarında ciddi təzyiq yarada bilər.
2022-ci ildə yaşanan qaz böhranından sonra Avropa İttifaqı ölkələri hər istilik mövsümünə yüksək həcmdə qaz ehtiyatı ilə daxil olmaq qərarına gəliblər. Lakin bu ilin yayında hökumətlər və enerji şirkətləri qaz anbarlarının doldurulmasını təxirə salıblar. Buna səbəb ABŞ və İran arasında müharibə fonunda qaz qiymətlərinin kəskin bahalaşması olub. Münaqişənin uzanması nəticəsində payızın əvvəlində Hörmüz boğazından qaz tədarükü demək olar ki, iflic vəziyyətində qalır. Bu isə qazın qiymətinin ötən illə müqayisədə təxminən iki dəfə bahalaşmasına gətirib çıxarıb.
Bloomberg-in hesablamalarına görə, Avropanın qaz anbarlarını heç olmasa 75%-lik minimum hədəf səviyyəsinə çatdırması üçün əlavə olaraq 100 teravat-saatdan çox qaz alması lazımdır. Bunun üçün təxminən 7 milyard avro vəsait tələb olunacaq.
Eyni zamanda, qazın anbarlara vurulması sürəti də əhəmiyyətli dərəcədə artırılmalıdır. Bu ilin bu dövründə belə yüksək qaz vurulma tempi sonuncu dəfə 2022-ci ildəki enerji böhranı zamanı qeydə alınıb.
Qlobal qaz uğrunda rəqabət güclənə bilər
Kpler şirkətinin LNG üzrə baş analitiki Qo Katayamanın sözlərinə görə, yaranmış vəziyyət qlobal bazarda qaz uğrunda “mübarizə” riskini artırır. Onun qiymətləndirməsinə əsasən, qış aylarında qazın qiyməti 100 avro/MVt-saatı keçə bilər. Bu halda Avropa dünya bazarında Pakistan və Banqladeş kimi daha yoxsul ölkələri sıxışdıra bilər. Bu ölkələr 2022-ci ildə enerji qiymətlərinin həddindən artıq yüksəlməsi səbəbindən artıq elektrik enerjisinin kəsilməsi və müəssisələrin fəaliyyətinin dayandırılması ilə üzləşmişdilər.
Avropada fiziki qaz qıtlığı gözlənilmir, amma qiymət şoku mümkündür
Bloomberg-in yazdığına görə, Avropanın özündə fiziki qaz çatışmazlığı yaranması ehtimalı yüksək deyil. Lakin qiymətlərin artması inflyasiyanı yenidən sürətləndirə və iqtisadiyyata ciddi zərbə vura bilər. Oxford Economics-in hesablamalarına görə, qazın bahalaşması nəticəsində inflyasiya 6%-i keçə bilər. Bu isə hazırkı inflyasiya səviyyəsindən təxminən iki dəfə yüksək göstərici deməkdir. Belə bir ssenari mərkəzi bankları bazarların hazırda gözlədiyindən daha sərt faiz artımlarına getməyə məcbur edə bilər.
Avropa ölkələri qışa eyni səviyyədə hazırlaşmayıb
Avropa İttifaqı ölkələrinin qaz ehtiyatlarının vəziyyəti də bir-birindən ciddi şəkildə fərqlənir. İtaliya qaz anbarlarını təxminən 83% doldura bilib. Avropanın ən böyük qaz anbarlarının yerləşdiyi Almaniyada isə doluluq səviyyəsi cəmi 50% ətrafındadır. Niderland və Belçikada da qaz ehtiyatları aşağı səviyyədə qalır. Bu iki ölkə qonşu dövlətləri təchiz edən əsas qaz mərkəzləri hesab olunur.
Vəziyyət yanvar ayından etibarən daha da çətinləşə bilər. Belə ki, həmin vaxt Avropa İttifaqının Rusiya mayeləşdirilmiş təbii qazına (LNG) tətbiq etdiyi qadağa qüvvəyə minəcək.


















