BYD-nin Cənubi Qafqaz üzrə satış direktoru azərbaycanlı oldu
Çinin avtomobil istehsalçısı BYD Azərbaycan, Gürcüstan və Ermənistan bazarlarını əhatə edən Cənubi Qafqaz regionu üzrə satış direktoru təyin edib.
Bu vəzifəyə Azərbaycanın avtomobil sektorunda tanınmış satış, marketinq və biznesin inkişafı mütəxəssislərindən biri olan Vasif Əliyev təyin olunub.
Vasif Əliyev yeni vəzifəsində BYD-nin Cənubi Qafqaz ölkələrindəki rəsmi idxalçıları ilə şirkət arasında əlaqələrin və satış fəaliyyətinin koordinasiyasına cavabdeh olacaq. Bundan sonra Azərbaycan, Gürcüstan və Ermənistanda fəaliyyət göstərən rəsmi BYD idxalçıları şirkətlə satış məsələləri üzrə əsas koordinasiyanı Cənubi Qafqaz üzrə satış direktoru vasitəsilə həyata keçirəcəklər.
Hazırda Azərbaycanda BYD-nin rəsmi tərəfdaşları "Group Motors" və "Sarda Group" şirkətləridir. Vasif Əliyevin təyinatından sonra bu şirkətlərin, eləcə də Gürcüstan və Ermənistandakı rəsmi BYD idxalçılarının regional satış fəaliyyəti üzrə istehsalçı ilə əlaqələri yeni yaradılmış idarəetmə mexanizmi çərçivəsində koordinasiya ediləcək.
Yeni satış direktorunun fəaliyyət istiqamətlərinə region ölkələrində BYD avtomobillərinin satış strategiyasının həyata keçirilməsi, rəsmi idxalçılarla əməkdaşlığın inkişaf etdirilməsi, bazarların xüsusiyyətlərinə uyğun satış yanaşmalarının hazırlanması və brendin regional mövqeyinin gücləndirilməsi daxildir.
Vasif Əliyev Azərbaycanın avtomobil sektorunda satış, marketinq və biznesin inkişafı sahələri üzrə 14 ildən artıq rəhbərlik təcrübəsinə malikdir.
O, 10 il "Nurgün Motors" şirkətində avtomobil satışı və marketinq departamentlərinin rəhbəri vəzifələrində çalışıb. Vasif Əliyev bu şirkətdə satış proseslərinin idarə edilməsi, marketinq strategiyalarının hazırlanması və avtomobil brendinin yerli bazarda mövqeləndirilməsi istiqamətlərində təcrübə qazanıb.
Vasif Əliyev son dörd il ərzində isə "Auto Azərbaycan" şirkətində Biznesin inkişafı və marketinq departamentinin rəhbəri vəzifəsində fəaliyyət göstərib. "Auto Azərbaycan" Hyundai, GAC Motor və JAC Truck avtomobillərinin Azərbaycandakı rəsmi idxalçısıdır. O, bu vəzifədə şirkətin biznes imkanlarının genişləndirilməsi, təmsil olunan avtomobil markaları üzrə marketinq fəaliyyətinin təşkili, yeni layihələrin hazırlanması və satış strategiyalarının həyata keçirilməsinə rəhbərlik edib.
Vasif Əliyev, həmçinin Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin üzvüdür.
BYD-nin Cənubi Qafqaz üzrə satış direktoru təyin etməsi Azərbaycan, Gürcüstan və Ermənistan bazarlarındakı rəsmi idxalçılarla əlaqələrin vahid regional koordinasiya mexanizmi vasitəsilə idarə olunmasına imkan yaradacaq. Bu modelin satış planlaması, bazar strategiyasının müəyyənləşdirilməsi və rəsmi tərəfdaşlarla istehsalçı arasında operativ əlaqələrin qurulmasına töhfə verəcəyi gözlənilir.


















