Azərbaycanda toyuq filesinin qiyməti bahalaşıb
Ətin ən əlçatan növlərindən hesab olunan toyuq filesi bahalaşıb.
Son günlər bəzi marketlərdə file ya ümumiyyətlə tapılmır, ya da əvvəlki qiymətindən baha satılır.
Hazırda bəzi satış məntəqələrində toyuq filesinin bir kiloqramı 10 manata qədər yüksəlib.
Satıcıların sözlərinə görə, son günlərdə satışda toyuq filesi qıtlığı müşahidə olunur.
Bəzi mağazalarda məhsul ümumiyyətlə yoxdur. Olanlarda isə qiymət artıb.
Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli də bu məhsula tələbatın artdığını deyib. Onun sözlərinə görə, sentyabrda əhalinin tətildən qayıtması və turist axınının artması toyuq ətinə, xüsusilə file və bud hissələrinə marağı artırıb.
Qeyd edək ki, file ilə bərabər toyuğun digər hissələrində də qiymət artımı olub. Qiymətlərin yenidən stabilləşəcəyi gözlənilir.


















