Vüsal Xəlilov: "Özəl sektorun üzləşdiyi əsas problemlərdən biri infrastrukturun yüksək xərc tələb etməsidir"
Yüksək infrastruktur xərcləri özəl sektorun inkişafını məhdudlaşdırır.
Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin müavini Vüsal Xəlilovun sözlərinə görə, infrastrukturda ən vacib məsələ təhlükəsizliyin təmin edilməsidir:
"Azərbaycanda qanunvericilik fərdi məlumatların ölkə daxilində saxlanılmasını tələb edir ki, bu da düzgün yanaşmadır. Bununla yanaşı, özəl sektorun üzləşdiyi əsas problemlərdən biri infrastrukturun yüksək xərc tələb etməsidir. Burada söhbət həm süni intellekt, həm də ənənəvi İT infrastrukturundan gedir. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, rəqəmsal həllərin sürətli və aşağı xərclə yaradılmasının əsas səbəblərindən biri bulud (cloud) xidmətlərinin geniş tətbiqidir. Bulud xidmətləri dedikdə yalnız məlumat mərkəzləri (data center) deyil, həm də idarə olunan xidmətlər (managed services) nəzərdə tutulur. Bu xidmətlər təşkilatlara öz infrastrukturunu qurmaq, administrator və digər texniki heyət saxlamaq zərurətini azaldır. Nəticədə şirkətlər resurslarını infrastrukturun idarə edilməsinə deyil, məhsul və xidmətlərin inkişafına yönəldə bilirlər. Hesab edirik ki, ölkədə belə xidmətlərə ciddi ehtiyac var. Bulud infrastrukturunun inkişafı həm maliyyə sektorunun, həm də ümumilikdə özəl sektorun rəqabət qabiliyyətini artıracaq. Hazırda isə infrastruktur xərcləri kifayət qədər yüksəkdir".
Bundan başqa, AMB rəsmisi deyib ki, bank sektorunda telefon dələduzluğunun qarşısının alınması üçün mobil operatorların rolu artırılmalıdır: Çağırışlarımızdan biri kibertəhlükəsizlik sahəsində əməkdaşlığın daha koordinasiyalı şəkildə qurulmasıdır. Son bir ildə bu istiqamətdə əhəmiyyətli irəliləyiş əldə etmişik. Əsas problemlərdən biri isə dələduzluq hallarının artmasıdır. Bu məsələ ilə bağlı bizə çoxsaylı müraciətlər daxil olur. Statistikaya əsasən, dələduzluq hallarının böyük hissəsi telefon zəngləri vasitəsilə törədilir və vətəndaşlar bu yolla aldadılır. Bunun qarşısının alınması üçün tərəfdaş qurumlarla birgə layihələri davam etdiririk. Hesab edirik ki, bu sahədə kompleks tənzimləmə mexanizmlərinin tətbiqinə ehtiyac var. Xüsusilə mobil rabitə operatorlarının da prosesə fəal şəkildə cəlb olunması, zənglərin saxtalaşdırılmasının ("caller ID spoofing") qarşısını almaq istiqamətində tədbirlərin gücləndirilməsi vacibdir. Kibertəhlükəsizlik hər hansı bir qurumun deyil, bütün ekosistemin ortaq məsuliyyətidir".
















