"Aqrarkredit" verdiyi güzəştli kreditlərin məbləğini açıqladı. Ümumi kredit portfeli isə kiçilib
"Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2025-ci il üzrə maliyyə hesabatından bəzi göstəriciləri açıqlayıb. BOKT-un məlumatına görə, hesabat ilində ümumilikdə 5 926 nəfərə 91,4 milyon manat həcmində güzəştli kredit ayrılıb.
Verilmiş kreditlərin 80,3 milyon manatı Azərbaycan Biznesin İnkişafı Fondu tərəfindən maliyyələşdirilib. Daha 11 milyon manat vəsait isə Aqrar Kredit və İnkişaf Agentliyinin xətti ilə ayrılıb.
Güzəştli kreditlər sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, kənd təsərrüfatı istehsalının artırılması, yeni investisiya layihələrinin dəstəklənməsi və regionlarda iqtisadi aktivliyin gücləndirilməsi məqsədinə xidmət edib. Daha dəqiq desək, kreditlərin 36,7%-i emal sektoruna, 31,5%-i istehsala, 12,3%-i kənd təsərrüfatına, 11,4%-i ticarət sektoruna verilib.
Qeyd edək ki, "Aqrarkredit"in 2025-ci ildə real sektora ümumi kredit qoyuluşunun həcmi 280 milyon manat təşkil edib. Bu isə 2024-cü illə müqayisədə 3,5% azdır.
Maraqlı göstəricilərdən biri də budur ki, 2024-cü ildə BOKT 173,3 milyon manatlıq kredit versə də, 2025-ci ildə bu rəqəm cəmi 45,5 milyon manat təşkil edib.


















