İnşaat və əmlak

Azərbaycanda tikinti sektorunda inam indeksi pisləşib

Ötən ilin sentyabr ayında tikinti sektorunun inam indeksi -4,4 bənd təşkil etmişdi. Beləliklə, indeks illik müqayisədə 36 bənd, aylıq müqayisədə isə 8,1 bənd geriləyib.

Tikinti sektorunda inam indeksi iyun ayında -18 bənd, iyulda -30,9 bənd, avqustda -32,3 bənd olduğu halda, sentyabrda -40,4 bəndə düşüb.

Mərkəzi Bankın sorğusuna əsasən, tikinti müəssisələrində son üç ayda icraya qəbul edilmiş sifarişlər üzrə göstərici avqustdakı -52,2 bənddən sentyabrda -60,7 bəndə enib. Ötən ilin sentyabrında bu göstərici -7,9 bənd olmuşdu.

Növbəti üç ayda işçilərin sayının dəyişməsi üzrə gözləntilər də zəifləyib. Belə ki, avqust ayında -12,4 bənd olan göstərici sentyabrda -20,2 bənd təşkil edib. 2025-ci ilin eyni ayında göstərici -0,8 bənd idi.

Tikinti işlərinin son üç aydakı həcmini əks etdirən sorğu göstəricisi də avqustdakı 1 bənddən sentyabrda -3,6 bəndə düşüb. Ötən ilin sentyabrında bu göstərici müsbət 15,5 bənd təşkil edirdi.

Bununla belə, növbəti üç ay üzrə qiymət gözləntiləri avqustdakı -24,6 bənddən sentyabrda -4,6 bəndə yüksəlib.

Mərkəzi Bankın metodologiyasına görə, tikinti sektorunun inam indeksi icraya qəbul edilmiş sifarişlər və növbəti üç ay üçün işçilərin sayının dəyişməsi gözləntiləri əsasında hesablanır.

Müqayisə üçün, 2026-cı ilin sentyabrında sənaye sektorunun inam indeksi müsbət 13 bənd, xidmət sektorunda 17,6 bənd, pərakəndə ticarətdə isə 17,9 bənd təşkil edib. Tikinti isə bu dörd sektor arasında mənfi inam indeksinin qeydə alındığı yeganə sahə olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)