PAŞA Bank IPO-su: Özəl bank sektorunda kütləvi səhm buraxılışı dalğası başlaya bilərmi?
Özəl banklar arasında ilk dəfə olaraq kütləvi səhm buraxılışı (IPO) addımı atan PAŞA Bank, təkcə öz inkişaf strategiyasında deyil, bütövlükdə ölkənin kapital bazarlarının formalaşmasına yeni istiqamət verir. Bankın İdarə Heyətinin üzvü Pərvin Əhədzadə bu mühüm qərarın hədəfləri və investorlar üçün açılan yeni imkanları izah edir.
- Azərbaycanın özəl bankları arasında ilk IPO addımını PAŞA Bank atır. Niyə məhz indi və əsas hədəfləriniz nədir?
- Bu qərar bankın həm maliyyə dayanıqlığı, həm korporativ idarəetmə keyfiyyəti, həm də risk idarəetmə çərçivəsinin yetkinliyi baxımından kapital bazarlarına çıxış üçün optimal mərhələyə çatmasının məntiqi nəticəsidir. Eyni zamanda, Azərbaycanın kapital bazarının inkişaf trendi, investor bazasının genişlənməsi və ümumi bazar infrastrukturunun dərinləşməsi bu addım üçün əlverişli şərait formalaşdırıb.
Bu proses Azərbaycan tarixində özəl sektorda həyata keçirilən ilk İlkin Kütləvi Təklif (IPO - İnitial Public Offering) olmaqla, bazarın struktur transformasiyasında mühüm rol oynayacaq. Strateji baxımdan əsas hədəflər investor bazasının diversifikasiyası, daha şəffaf investisiya mühitinin təşviqi, kapital mövqeyinin gücləndirilməsi və uzunmüddətli, dayanıqlı inkişafın təmin edilməsidir.
- Bu addım Azərbaycanda digər banklar üçün presedent yaradacaqmı? Özəl bank sektorunda IPO dalğası başlaya bilərmi?
- Ümumiyyətlə, IPO-ların kütləvi xarakter alması daha çox bazarın ümumi inkişaf dinamikası və iştirakçıların hazırlıq səviyyəsindən asılıdır. Bununla belə, əminəm ki, bu addım presedent rolunu oynaya bilər. PAŞA Bankın IPO-ya çıxışı bazara aydın siqnal verir: yetkin və şəffaf idarəetmə modeli olan banklar üçün kapital bazarı real maliyyələşmə alətinə çevrilə bilər. Təbii ki, bankların bu yolu seçməsi onların korporativ hazırlığından, kapital ehtiyacından, qiymətləndirmə imkanlarından və investor tələbindən asılı olacaq. Bu təşəbbüs, ümumilikdə, bazarda likvidliyin artmasına, pərakəndə investor iştirakının genişlənməsinə və yerli investor bazasının böyüməsinə təkan verə bilər.
- İlkin yerləşdirmə qiyməti olaraq səhmin biri 55 manat müəyyən olunub. Bu qiymətin yerli investor üçün əlçatanlığı haqqında nə düşünürsünüz, yoxsa daha çox institusional investorlara hesablanıb?
- Qiymət bankın bazardakı mövqeyi, mövcud bazar tendensiyaları, maliyyə göstəricilərinin dayanıqlığı və gələcək gözləntilər nəzərə alınaraq müəyyən edilib. Bu baxımdan, qiymət formalaşması real bazar şərtlərinə əsaslanır və bankın maliyyə göstəricilərini əks etdirir, eləcə də, qeyd edim ki, proses zamanı uğurlu beynəlxalq təcrübələr nəzərə alınmışdır. IPO həm pərakəndə, həm də institusional investorlar üçün nəzərdə tutulub və qiymət səviyyəsinin müxtəlif investor qruplarının iştirakını dəstəkləyən balanslı yanaşmanı əks etdirdiyini düşünürük.
- Kiçik investorlar üçün burada hansı imkanlar mövcuddur və minimum investisiya məbləği nə qədər olacaq?
- Fikrimcə, PAŞA Bankın IPO prosesində iştirakı kiçik investorlar üçün real fürsət kimi qiymətləndirilə bilər. Abunəlik zamanı pərakəndə investorların sifarişləri mərhələli şəkildə prioritetləşdirilir və tələb təklifi üstələdiyi halda bölgü mütənasib qaydada həyata keçiriləcəkdir. Bu yanaşma kiçik investorların prosesdən kənarda qalmamasını təmin etməyə yönəlib. Minimum investisiya məbləği isə bir səhm - yəni 55 manat təşkil edir, eləcə də, maximum investisiya məbləği üzrə hər hansı limitləmə tətbiq edilməmişdir.
- Bankın gələcək inkişaf strategiyası investorlar üçün nə vəd edir? Dividend siyasəti necə olacaq – investorlar nə qədər qazanc gözləyə bilər?
- Bankın strateji məqsədi səhmdarlara stabil dividend təmin etməklə yanaşı, biznesin davamlı inkişafını, kapitalın gücləndirilməsini və uzunmüddətli dəyər yaradılmasını təmin etməkdir. Bu çərçivədə məqsədimiz xalis mənfəətin minimum 30–40%-nin dividend kimi bölüşdürülməsidir. Lakin, bu göstərici maliyyə nəticələrindən, tənzimləyici tələblərdən və səhmdarların qərarlarından asılı olaraq dəyişə bilər. İlk dividend ödənişlərinin 2026-cı ilin iyun ayında həyata keçirilməsi planlaşdırılır ki, bu da cari IPO-nun üstünlüklərindən biridir. Belə ki, səhmləri əldə etdikdən qısa müddət sonra investorlar həm 2025-ci ilin, həm də 2026-cı ilin tam fəaliyyət yekunlarına görə dividend almaq hüququna malik olacaqlar.
- Bu IPO çərçivəsində hansı kateqoriyaya düşənlər səhmdar ola bilməzlər?
- Ümumilikdə, IPO-da iştirak üçün bütün növ investorlara geniş imkan yaradılıb. Səhmlər həm fiziki, həm hüquqi şəxslər, həm də rezident və qeyri-rezident investorlar üçün əlçatandır. Bununla yanaşı, iştirak müəyyən hüquqi və tənzimləyici çərçivələrlə məhdudlaşır. Belə ki, müvafiq KYC/AML tələblərini yerinə yetirməyən şəxslər, habelə emissiya prospektində nəzərdə tutulmuş digər məhdudiyyətlərə daxil olan investorlar IPO-da iştirak edə bilməzlər.
- Likvidlik məsələsi haqqında nə deyə bilərsiniz, təkrar bazarla bağlı gözləntiləriniz nədir?
- Bildiyiniz kimi, təkrar bazarda likvidlik bir çox amillərdən, o cümlədən ümumi bazar şəraitindən, investor davranışından və alətə olan maraqdan asılı olaraq formalaşır. Əlbəttə ki, PAŞA Bank səhmlərin aktiv təkrar bazarının formalaşmasında maraqlıdır və hazırda ölkənin ən iri üç investor şirkəti ilə bu istiqamətdə aktiv danışıqlar aparır.
- PAŞA Bank korporativ bankçılıqda güclüdür – bu, səhmlərin sabitliyinə necə təsir edəcək?
- Korporativ bankçılıqda güclü mövqe gəlir axınlarının daha dayanıqlı və proqnozlaşdırıla bilən olmasına şərait yaradır ki, bu da səhmlərin sabitliyinə müsbət təsir göstərən əsas amillərdəndir. İri korporativ müştəri bazası sabit faiz və komissiya gəlirlərinin formalaşmasına töhfə verir. Bankımızın real iqtisadiyyatın maliyyələşdirilməsinə, xüsusilə qeyri-neft sektoruna və iqtisadi diversifikasiyaya fokuslanması da əlavə dayanıqlıq yaradır. Beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş qiymətləndirmələr də bankın etibarlılıq səviyyəsini təsdiqləyir.
- Necə hesab edirsiniz, PAŞA Bank-ın səhmləri “qızıl fürsət” və uzunmüddətli investisiya ola bilərmi?
- PAŞA Bank ölkənin aparıcı özəl maliyyə institutlarından biri kimi güclü korporativ modelə və dayanıqlı inkişaf strategiyasına malikdir. Bu baxımdan, IPO-da iştirakımız fürsətdən daha çox, uzunmüddətli perspektivdə balanslaşdırılmış risk və stabil gəlir axtaran investorlar üçün cəlbedici investisiya aləti kimi qiymətləndirilə bilər. Eyni zamanda, hər bir investisiya qərarı investorların fərdi risk profili və gözləntiləri əsasında verilməlidir.

















