ABB-də daha bir baş direktor təyinatı olub
ABB-də rəhbər vəzifəyə daha bir təyinat olub. Bankın Ofis rəhbəri Mehmet Ali Savaş ABB-nin Baş direktoru təyin edilib.
Məlumata görə, Mehmet Ali Savaş Türkiyənin Işık Universitetində Management Information Systems ixtisası üzrə tam təqaüdlə təhsil alıb.
Onun bank və maliyyə sektorunda 15 ildən artıq beynəlxalq təcrübəsi var. ABB-dən əvvəl BNP Paribas Qrupu, Poste Italiane və National Bank of Kuwait kimi aparıcı maliyyə qurumlarında, eləcə də onların rəqəmsal transformasiya layihələrində çalışıb. Peşəkar fəaliyyəti ərzində İtaliya, Türkiyə, Küveyt və Azərbaycanda rəqəmsal bankçılıq, məhsul inkişafı və transformasiya layihələrində müxtəlif rəhbər vəzifələr tutub.
O, 2020-ci ildən ABB-də müxtəlif vəzifələrdə fəaliyyət göstərib. Yeni təyinata qədər bankın Rəqəmsal Ofisinin rəhbəri olub. Bu müddət ərzində ABB-nin rəqəmsal transformasiyası, ABB mobile, korporativ internet bankçılıq və ABB Biz platformalarının inkişafı, rəqəmsal satış və xidmətlərin genişləndirilməsi, investisiya xidmətləri və süni intellekt əsaslı bankçılıq həllərinin inkişafında iştirak edib.
Mehmet Ali Savaş Azericard Prosessinq Mərkəzinin Müşahidə Şurasının da üzvüdür.



















