Ukrayna Starlink-ə alternativ peyk sistemi hazırlayır
Ukrayna “Starlink”ə bənzər öz peyk rabitə sistemini yaratmaq üzərində işləyir.
ENA.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenskiy jurnalistlərlə söhbətində bildirib. Onun sözlərinə görə, layihə üzrə artıq ilkin hazırlıqlar mövcuddur və işlərə başlanılıb.
Zelenskiy yeni sistemin “Starlink”ə bənzər olacağını deyib, lakin layihənin texniki xüsusiyyətləri və istifadəyə veriləcəyi tarix barədə əlavə məlumat açıqlamayıb.
Ukrayna prezidentinin sözlərinə görə, Kiyev həmçinin müttəfiqlərindən “Starlink” peyk internetindən istifadə imkanlarının davam etdirilməsini istəyir. Zelenskiy bu məsələnin Rusiya ilə bağlı təhlükəsizlik narahatlıqları fonunda əhəmiyyət daşıdığını bildirib.
Qeyd edək ki, Ukraynanın yeni peyk sistemi ilə bağlı açıqlaması Rusiyanın “Rassvet” adlı peyk sisteminin inkişaf etdirilməsi ilə bağlı məlumatların yayıldığı dövrə təsadüf edir.


















