Meta səhmləri yeni AI köməkçisi fonunda 13 ilin ən güclü ayını yaşayır
Meta Platforms-un səhmləri şirkətin yeni süni intellekt köməkçisi “Muse”un populyarlığının artması fonunda kəskin yüksəlib.
ENA.az xəbər verir ki, MarketWatch-ın məlumatına görə, Meta səhmləri bazar ertəsi 11,4% bahalaşaraq 2025-ci ilin oktyabrından bəri ən yüksək bağlanış səviyyəsinə çatıb. Bu, səhmlərin 2025-ci ilin aprelindən bəri ən böyük gündəlik artımı olub.
Artım əsasən “Muse”a olan maraqla əlaqələndirilir. Şirkətin yeni AI köməkçisi ABŞ-ın “Apple App Store”unda ən çox yüklənən tətbiqə çevrilib. “Muse” istifadəçilərin səyahət sifarişləri, telefon zəngləri və elektron məktubların göndərilməsi kimi çoxmərhələli tapşırıqları yerinə yetirməsinə imkan verir.
Yeni tətbiqin uğuru investorların Meta-nın süni intellekt strategiyasına marağını artırıb. Şirkətin səhmlərindəki yüksəliş “Muse”un istehlakçılar arasında sürətlə yayılması ilə yanaşı, Meta-nın AI imkanlarının kommersiyalaşdırılması ilə bağlı gözləntilərlə də müşayiət olunur.
















