ABŞ-ın məlumat mərkəzləri Almaniya və Yaponiyadan çox qaz istehlak edə bilər
ABŞ-da məlumat mərkəzlərinin təbii qaz istehlakının 2035-ci ilədək Almaniya və Yaponiyanın ümumi istehlakını üstələyə biləcəyi proqnozlaşdırılır.
ENA.az xəbər verir ki, BloombergNEF-in hesabatına əsasən, süni intellekt texnologiyalarının inkişafı fonunda ABŞ-dakı məlumat mərkəzlərinin gündəlik təbii qaz istehlakı 18 milyard kubfut səviyyəsinə çata bilər.
Məlumat mərkəzlərinin qarşıdakı onillikdə mayeləşdirilmiş təbii qaz (LNG) ixracından sonra təbii qaza tələbat artımının əsas hərəkətverici qüvvələrindən birinə çevriləcəyi gözlənilir. Hesabatdakı yeni proqnoz əvvəlki hesablamadan təxminən iki dəfə yüksəkdir.
Microsoft, Google və Amazon kimi texnologiya şirkətləri elektrik şəbəkəsindən asılılığı azaltmaq üçün təbii qazla işləyən enerji stansiyaları qurmağı planlaşdırır. Bu tip layihələrin 2035-ci ilədək gündə 2,9–3,4 milyard kubfut təbii qaz istehlak edəcəyi proqnozlaşdırılır.
Bununla yanaşı, elektrik şəbəkəsinə qoşulmuş məlumat mərkəzlərinin enerji sektorunda gündəlik təbii qaz istehlakını əlavə 15 milyard kubfut artıracağı gözlənilir. Bu göstərici digər şəbəkəyə qoşulmuş sektorların ümumi tələbat artımından təxminən beş dəfə çoxdur.
BloombergNEF bildirir ki, tələbatın bu səviyyədə artması təbii qaz qiymətlərinin yüksəlməsinə səbəb ola bilər. Məlumat mərkəzlərinə yatırımların genişlənməsi və LNG ixracının artması enerji bazarında əlavə təzyiq yarada bilər.
















