Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsi 44 %-ə yaxın artıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 668 milyon 531 min ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsinə istinadən verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 203 milyon 694 min ABŞ dolları (43,8 %) çoxdur.
Son 1 ildə Azərbaycanın Gürcüstana ixracının dəyəri 50,8 % artaraq 576 milyon 713 min ABŞ dolları, idxalının dəyəri isə 11,5 % artaraq 91 milyon 818 min ABŞ dolları olub.
Hesabat dövründə Gürcüstan ilə ticarət ümumi dövriyyənin 2,2 %-i qədər olub. O cümlədən, ixrac ümumi ixracın 2,9 %-ni, Gürcüstandan idxal isə ümumi idxalın 0,9 %-ni təşkil edib.
7 ayda Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,3 % çoxdur. Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 27,4 % azalıb. Son nəticədə xarici ticarətdə 9 milyard 455 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.


















